Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı son araşdırmanın nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 39 iş üzrə 84150 manat məbləğində cərimə tətbiq olunub. Ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 1413.67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 142 iş üzrə 28487.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8, məhkəməyə 7, icra qurumlarına isə 44 iş göndərilib.
Trend.az