Rusiya ÜTT-yə tamhüquqlu üzv seçilib.

Rusiya BMT-nin 1995-ci ildə təsis etdiyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sayca 156-cı tamhüquqlu üzvü seçilib. Tərəflər arasında bu məsələyə dair danışıqlar 17 il davam edib. Rusiya mətbuatına istinadən verilən məlumata görə, mütəxəssislərin fikrincə, Rusiyanın ÜTT-yə üzv olmasından effekti dərhal gözləməyə dəyməz. Belə ki, dəyişikliklər tədricən olacaq. İdxalın orta rüsumu 10,3%-dən 7%-dək azaldılacaq. Müxtəlif qrup mallar üçün ayrı-ayrı keçid dövrləri nəzərdə tutulub. Standart interval 2-3 il təşkil edəcək. Kənd təsərrüfatı, yüngül sənaye və avtomobil sənayesi kimi sahələrdə keçid dövrünün 5-7 il olacağı gözlənilir.
Dünya Bankının apardığı hesablamalara əsasən, Rusiyanın ÜTT-yə üzv olması ilk 3 il ərzində ölkəyə ildə 3,3% iqtisadi artım tempi gətirəcək. Rusiyada investisiya mühiti yaxşılaşdırılsa bu göstərici 11% təşkil edə bilər. Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, təkcə Rusiyaya idxal olunan mallara məhdudiyyətin aradan qaldırılması ölkədə 40 minə yaxın yeni iş yeri yaradacaq.
Qeyd edək ki, ÜTT-nin qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 156 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 97%-ə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Xatırladaq ki, Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO