“Dilçiliyin inkişafına dair Dövlət Proqramı ” avqustun sonunda ictimai müzakirəyə təqdim ediləcək.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram” avqustun sonunda ictimai müzakirəyə təqdim ediləcək. Bunu Trend-ə Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib. Onun sözlərinə görə, hazırda proqramın hazırlanması ilə bağlı işlər aparılır. “Bu ayın sonunda proqramın ilkin variantı hazır olacaq. Proqram layihəsinin respublikanın qabaqcıl ictimai-elm xadimlərinin müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur”,- Veysəlli əlavə edib.
O qeyd edib ki, bu müzakirədən sonra proqram layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Veysəlli deyib ki, proqramda nəzərdə tutulan bəzi tədbirlər uzunmüddətli, bəziləri isə qısa müddətlidir. Bu proqrama Dilçilik İnstitutunda struktur dəyişikliklərinin həyata keçirilməsi, təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üçün saatların sayının artırılması, KİV-lərdə dilin işlənməsi ilə bağlı pozuntuların qarşısının alınması, xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliklərinin və onların elektron variantlarının hazırlanması, fundamental əsərlərin çap olunması, dünyanın məşhur alimlərinin, dilçilərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, Azərbaycan alimlərinin fundamental əsərlərinin xarici dillərdə çapı kimi məsələlərin daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, proqram layihəsində Azərbaycan dilinin işlənməsi, qorunması üçün müəyyən mexanizmin hazırlanması təklif edilir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama görə, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsi oktyabrın 1-dək Nazirlər Kabinetinə, noyabrın 1-dək ölkə Prezidentinə təqdim edilməlidir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO