Əgər avrozonaya daxil olan ölkələrin rəhbərliyi yeni iş yerlərinin yaradılması üzrə konkret tədbirlər işləyib hazırlamasa, dörd ildən sonra təxminən 4,5 milyard avropalı işsiz qala bilər. APA-nın məlumatına görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında belə deyilir.
Cenevrədə Beynəlxalq Əmək araşdırmaları institutu tərəfindən təqdim olunmuş tədqiqatda bildirilir ki, 2010-cu ildən etibarən avrozona ölkələrinin yarıdan çoxunda işsizliyin səviyyəsi artıb və 15-24 yaş arasındakı 3 milyondan artıq gənc işsizdir».
«Əmək qabiliyyətli yaşda olan avropalıların üçdə birindən çoxu ya işləmirlər, ya da əmək bazarından çıxarılıblar, uzunmüddətli işsizlik isə artır. Perspektivdə bu sosial etirazın artmasına və əhalinin milli hökumətlərə, maliyyə sisteminə və Avropa institutlarına etimadının azalmasına gətirə bilər», deyə hesabatda qeyd olunur.
BƏT ekspertlərinin sözlərinə görə, hətta 2008-ci ildən etibarən işsizlərin sayının azaldığı azsaylı ölkələrdə də (Avstriya, Belçika, Almaniya, Lüksemburq, Malta) «əmək bazarındakı vəziyyət daha yaxşılaşmır».
Hesabatı jurnalistlərə təqdim edən BƏT baş direktoru Xuan Somaviya 4 ildən sonra avrozona ölkələrində işsizlərin sayının indiki 17,4 milyondan 22 milyona çata biləcəyini bəyan edib. Somaviyanın fikrincə, «avrozona yarandığı gündən ən böyük böhranla üzləşib».
O həmçinin xəbərdar edib ki, əgər bu sahədə siyasət dəyişməsə və balanslaşdırılmış yanaşma ortaya çıxmasa, «təkcə avrozonanın bütün ölkələri işsizlik böhranı ilə üzləşməyəcəklər, bütün dünya iqtisadiyyatı təhlükə altında olacaq». Somaviya «maliyyə problemlərinin həlli üçün maliyyə qərarları qəbul etməklə» kifayətlənməyib səmərəli qərarlar qəbul etməyə çağırıb. O qeyd edib ki, «imkanlar pəncərəsi bağlanmaq üzrədir».
BƏT-nın Beynəlxalq Əmək araşdırmaları institutunun direktoru Raymond Torres avrozona rəhbərlərinin qəbul etməli olduqları 3 ən vacib addımı səsləndirib: «yeni iş yeri yarada bilən və böhrandan çıxmağa kömək edən kiçik müəssisələrin kreditləşməsini artırmaq; istehlak bazarını qaldırmaq üçün əhalinin maaşlarını artırmaq; işsiz gənclərə kömək göstərmək».
Sonuncu məqam daha vacib görünür. Avrozona ölkələrində işsizliyin ümumi səviyyəsi 11% olduğu halda, gənclər arasında bu rəqəm 22%-ə bərabərdir. İtaliya, Portuqaliya və Slovakiyada bu səviyyə 30%-dən, Yunanıstan və İspaniyada isə 50%-dən yüksəkdir.
Apa.az