ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir”.

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in baş katibi Lamberto Zanyer arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında E. Məmmədyarov bildirib ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub. O deyib ki, ATƏT-in 20 ildir münaqişənin həlli ilə məşğul olduğunu, lakin hələ də nəticə əldə edilmədiyini baş katibin nəzərinə çatdırıb.

L. Zanyer isə Azərbaycana ATƏT-in baş katibi qismində ilk dəfə səfər etdiyini xatırladıb. O, nazirlə ATƏT-Azərbaycan əməkdaşlığının bütün spektri üzrə müzakirə apardıqlarını söyləyib. L. Zanyer Ermənistana səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. Baş katib qeyd edib ki, iyulun 10-da həmsədrlər bölgəyə növbəti səfər edəcəklər: “Təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir”.

L. Zanyer snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini nəzərə çatdırıb: “Danışıqlar prosesinin alternativi yoxdur. Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidir. ATƏT buna öz töhfəsini verməyə hazırdır”.

Təmas xəttindəki insidentlərin araşdırılması üçün ATƏT-in irəli sürdüyü təklifləri şərh edən E. Məmmədyarov isə bildirib ki, problem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalındadır: “Ermənistan öz ordusunu geri çəksə, onda snayperlərə də ehtiyac qalmaz”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO