Alimlər Azərbaycan dilinin qorunması və inkişafı üçün təkliflər hazırlayırlar.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov cümə günü Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dilin və dilçilik elminin inkişafı ilə bağlı hazırlanan Dövlət Proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında müzakirələrə başlanılıb.
“Azərbaycan Milli Elmlər Akademiyasında artıq bir neçə toplantı olub, müzakirələr keçirilib, alimlər təkliflər irəli sürüblər. Təkliflər həm elmi, həm də praktik istiqamətdədir”, – Cəfərov deyib.
Onun sözlərinə görə, düzgün tələffüz qaydalarının müəyyənləşdirilməsi üçün orfoepiya lüğətinin hazırlanması, həmçinin Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılması təklif olunub.
“Bundan başqa KİV-lərin dili ilə bağlı, Ana dili, Azərbaycan dili dərslikləri ilə bağlı müzakirələr keçiriləcək, Azərbaycan dilinin dövlət dili səviyyəsində işlənməsinin vəziyyəti öyrəniləcək, Azərbaycan dilinə başqa dillərin təsiri təhlil olunacaq”, – Cəfərov bildirib.
O deyib ki, Milli Məclisin builki payız sessiyası zamanı da bununla bağlı Mədəniyyət komitəsində müzakirələr keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb.
Trend.az