Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeyri-leqal məşğulluqla mübarizə mövzusunda müşavirə keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir Fizuli Ələkbərovun sədrliyi ilə “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən F.Ələkbərov son 8 ildə ölkədə 1 milyondan çox yeni iş yeri yaradıldığını, işsizliyin 5,4%-ə, yoxsulluq səviyyəsinin 5 dəfə azalaraq 7,6%-ə endiyini deyib.

O qeyd edib ki, hazırda dünyanın əksər ölkələrində, o cümlədən Avropa ölkələrində qeyri-leqal məşğulluq var: “Azərbaycanda dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq bu sahəyə dövlət nəzarəti daim gücləndirilir. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin 6 ayı ərzində 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib. Bu, ötən ilin ilk 6 ayı ilə müqayisədə 200 nəfər çoxdur.
Amma hələ də işəgötürənlər tərəfindən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsinə biganə münasibət göstərilməsi halları mövcuddur.
Bu problem əsasən tikinti və xidmət sektorunda özünü göstərir.
İşəgötürənlərin vergi ödəməkdən yayınmaq üçün yol verdikləri belə hallar işçilərin gələcək pensiya təminatı, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində zərər çəkən işçilərin və ya onların ailələrinin sosial müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün ciddi çətinliklər yaradır. Ona görə də qeyri-leqal əmək fəaliyyəti göstərən işçilər mütləq öz məşğulluqlarını leqallaşdırmalı və vergilərə cəlb olunmalıdırlar”.
Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədilə milli qanunvericiliyin təkmilləşdirilməsi, bütün iş yerlərində həmkarlar ittifaqlarının yaradılması zərurəti vurğulanıb və ƏƏSMN tərəfindən işçilərlə qeyri-leqal əmək münasibətləri həyata keçirən işəgötürənlərə qarşı ciddi inzibati tədbirlərin görüləcəyi bildirilib. Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində sosial tərəfdaşlarla birgə qarşıda duran vəzifələr müzakirə olunub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO