Bakıda keçirilən beynəlxalq sığorta forumu başa çatıb.

«APA-ECONOMICS»in məlumatına görə, bugünkü sessiyada iştirak edənlər «Həyat və mülki məsuliyyət sığortası növləri», «İnkişaf edən bazarda həyat sığortası», «Qafqaz ölkələrində həyat sığortası: hazırkı inkişaf və bazar istiqamətləri», «Həyat sığortası növlərinin uzunmüddətli inkişafında beynəlxalq təcrübə və perspektivlər», «Pərakəndə satışda Avropa təcrübəsi», «Mülki məsuliyyət sığortasının hazırkı vəziyyəti və inkişaf perspektivləri», «Sığorta bölgüsü» «Sığorta vasitəçiliyi: hazırkı vəziyyəti, inkişaf perspektivləri və problemləri», «İnternet və İT texnologiyaları vasitəsilə satış kanallarının genişləndirilməsi» və «Satış kanallarının effektivliyinin artırılması» mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə «Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Əkbər Mədətli Azərbaycanda həyat sığortasının inkişaf istiqamətlərindən, habelə bu sahəni inkişafını ləngidən əsas problemlərdən danışıb.

Ə.Mədətlinin fikrincə, Azərbaycanda həyat sığortası bazarının inkişafını ləngidən əsas səbəblərdən biri kimi əhalinin gəlirlərinin aşağı səviyyədə olması və əlverişli investisiya alətlərinin olmaması, həmçinin həyat sığortası üzrə yüksək bilikli kadrların olmaması, marketinq siyasətinin düzgün aparılmaması və qiymətli kağızlar üzrə gəlirlik səviyyəsinin aşağı olması amillərini qeyd edib. Ölkədə həyat sığortası bazarının inkişafını sürətləndirmək üçün uzunmüddətli həyat sığortası polisləri üzrə əldə olunan yığımlar üçün yeni investisiya alətləri tətbiq olunmalı, həyat sığortası məhsullarının innovasiyaları və marketinqi inkişaf etdirməklə bazara töhfə verə biləcək xarici şirkətlər Azərbaycana cəlb edilməli, həmçinin icbari sığorta növləri təkmilləşdirilməli, o cümlədən təqaüd sığorta növünün inkişafı üçün təqaüdlə bağlı müvafiq sənədlərdə təkmilləşdirmələr aparılmalıdır.

Tədbirdə Qazaxıstanın «Generale Kazakhstan» sığorta şirkətinin müdiri Dmitri Nadirov və digər sığorta şirkətlərinin nümayəndələri internet və İT texnologiyalar vasitəsilə satış kanallarının genişləndirilməsi və satış kanallarının effektivliyinin artırılması mövzusunda geniş təqdimatla çıxış ediblər.

Qeyd edək ki, forum regionda sığorta və təkrarsığorta bazarlarına həsr olunub və sözügedən regionun ən vacib tendensiya və perspektivlərini özündə əks etdirir. İki yüzədək iştirakçının qatıldığı forumda təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlər də keçirilib, regionda sığorta və təkrarsığorta sahələrinə potensial investisiya imkanları müzakirə edilib. Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, forumun təşkilatçıları rolunda Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan Sığortaçılar Assosiasiyası, Rumıniyanın «Media XpriMM» şirkəti çıxış edib. APA İnformasiya Agentliyi isə forumun rəsmi media tərəfdaşı olub.
Xatırladaq ki, Beynəlxalq Sığorta Forumu 2009-cu ildən başlayaraq hər il Bakıda keçirilir. II Beynəlxalq Sığorta Forumu ötən ilin iyul ayının 7-8-də keçirilib. Forumda həyat və şəxsi sığorta xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və bank işinin sığortası mövzusu müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 29 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO