Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Azərbaycanda səfərdə olan Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri xanım senator Aleksandra Moreno Piraquive ilə görüşüb.
Əsədov görüşdə deyib ki, Azərbaycan Kolumbiya ilə münasibətlərin inkişafında maraqlıdır. Qarşılıqlı səfərlər, keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir.
“İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcək”, – Əsədov əlavə edib.
Milli Məclisin sədri deyib ki, Kolumbiya Senatında Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımının tanınması barədə qəbul olunmuş qərar bir daha göstərdi ki, həqiqət gec-tez öz yerini tutacaq və ədalət bərpa olunacaq.
Əsədov Piraquivenin Milli Məclisin Fəxri medalı ilə təltif olunduğunu bildirib və mükafatı sahibinə təqdim edib.
Piraquive öz növbəsində bldirib ki, bu cür səfərlər həqiqətən də ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün geniş imkanlar açır. Hər iki ölkənin qaçqın problemi olduğunu vurğulayan xanım senator deyib ki, Kolumbiyanın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərar həqiqəti özündə əks etdirir.
Senator əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hər iki ölkədə səfirliklərin açılmasının vacibliyini vurğulayıb.
Sonra görüşdə Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Trend.az