Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri, “EkoAVRASYA” dərgisinin sahibi Hikmət Eren “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycana səfərə gəlir. Bu barədə İctimai Birliyin sədri Qənirə Paşayeva bildirib.
Onun sözlərinə görə, 13-16 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq türkiyəli qonaqlar “Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu” adlı elmi-praktik konfransda, həmçinin Xocavənd rayonunda “Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfranslarda iştirak və çıxış edəcəklər.
İsmail Safi və Hikmət Erenin Azərbaycanın dövlət və qeyri-hökumət qurumları və KİV nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.