Azərbaycan hökuməti “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nı təsdiq edib. Nazirlər Kabinetindən məlumata görə, sənəddə qeyd olunur ki, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra – zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.
Məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir.
Məişət zorakılığı üzrə araşdırmanın aparılmasına zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər əsas ola bilər.
Qaydalarda müəyyən olunur ki, məişət zorakılığı ilə bağlı şikayətə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir.
Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Dinlənilən şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçidən istifadə olunur.
Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya sağlamlıq imkanları məhdud şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin edilməlidir.
Məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur:
Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi.
Həmçinin əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi, zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi və zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.
Müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər.
Məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab edilir.
Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarla müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.