Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçicilərlə görüş yerini namizədin razılığı olmadan dəyişdirib. Namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli APA-ya deyib ki, oktyabrın 13-də saat 17:00-dan 19:00-a qədər Bakı şəhərində “Təbriz” kinoteatrının qarşısında (Q. Qarayev metro stansiyasının yanı) seçicilərlə görüş üçün oktyabrın 7-də BŞİH-ə rəsmi müraciət olunub: “Şəhər icra hakimiyyətinin siyasi partiyalarla və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə partiyaya ünvanlanan cavab məktubunda isə bildirilib ki, paytaxt meriyası namizədin Səbayel rayonu Bibiheybət qəsəbəsi Neftçi İdman-Sağlamlıq Mərkəzinin stadionunda seçicilərlə planlaşdırılan görüş keçirməyinizə etiraz etmir”.
E. Mirzəbəylinin fikrincə, bu cavab məktubu seçkinin demokratik keçirilməsinə kölgə salır: “Biz öz narazılığımızı Zaur Ramazanova bildirdik və hesab edirik ki, bu qərar seçki və sərbəst toplaşmaq haqqında qanunvericiliyə ziddir. Digər tərəfdən də bizim seçicilərlə görüş keçirmək istədiyimiz həmin yer meriyanın aksiyalar üçün göstərdiyi ərazilərdən biridir. Belə çıxır ki, icra hakimiyyəti öz qərarını təkzib edir”.
E. Mirzəbəyli deyib ki, məsələnin hüquqi müstəvidə həlli üçün müvafiq addım atılacaq: “Partiya rəhbərliyinin müvafiq müzakirələrindən sonra qərar qəbul olunacaq”.