Azərbaycan Milli Məclisi Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib

Qərar layihəsini parlament sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlament üzvlərindən təşkil olunmuş komissiya hazırlayıb. Qərarı deputat Jalə Əliyeva səsləndirib. Daha sonra qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Qərarda deyilir ki, Xocalı şəhərində dinc əhaliyə qarşı hərbi cinayət törədilib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Qərarda Azərbaycanın istintaq orqanlarının Xocalı faciəsini törədənlərdən 39 nəfərin adlarını müəyyən edə bildiyi, lakin təhqiqatın davam etdiyi qeyd olunub.
Sənəddə son 100 ildə ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı və türkün qətlə yetirildiyi də öz əksini tapıb.

Qərarda Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırımı – genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunub.

Qərarda Azərbaycan Milli Məclisin deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildən artıq dövrdə azərbaycanlıların məruz qaldığı soyqırımı aktlarının, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər: “Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentlərilə əlaqələr üzrə işçi qrupların imkanlarından dolğun və səmərəli istifadə olunmalıdır”.

Azərbaycan hüquq-mühafizə orqanlarına tövsiyə edilib ki, Xocalı şəhərində soyqırımı aktlının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər: “Azərbaycan müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən QHT-lərə tövsiyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO