– Hörmətli həmkarlar,
AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci ildə “Azərbaycanda siyasi məhbus məsələsi” məruzəsinin adının “Siyasi məhbus məsələsinə yenidən baxılması” adına dəyişdirilməsi barədə qərar qəbul etməsindən sonra cənab Kristof Ştrasser Azərbaycana qarşı davamlı təbliğat və sözün əsl mənasında mübarizə kampaniyasına başlayıb.
Mən bu məktubda Sizi yenidən cənab Ştrasserin Azərbaycana qarşı ardıcıl qərəzinə görə narahatlığımızın səbəblərinin xronikası ilə sizi yükləməyəcəyəm. Onun şəxsi “xarici siyasət” gündəliyi NATO-nun etibarlı tərəfdaşı və Avropanın enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşı olan ölkəmin tək Avropa Şurası ilə deyil, o cümlədən Avropa İttifaqı ilə mükəmməl əlaqələrinə qarşıdır.
Davamlı kampaniyada cənab Ştrasser ölkəmizdə siyasi məhbuslar iddiasını dəyərləndirmək məqsədilə obyektiv meyarlardan istifadə fikrini dəfələrlə rədd etmişdir. Azərbaycan qanunun aliliyinə riayət edilməsində, müstəqil məhkəmə və insan hüquqlarına hörmət sahəsində bir çoxlarından daha çox təkmilləşmiş dövlətdir. Əslində Avropa İnsan Hüquqları Məhkəməsinə getmiş başlıca məhkəmə işində keçən il hökumətimiz məhkəmənin qərarlarının hər birini qəbul və icra etmiş, hətta aidiyyəti şəxslərə zərərin əvəzini ödəmişdir.
Həqiqəti bir parlamentarinin özünə xidmət edən təbliğatından fərqləndirmək üçün müəyyən aydınlıq gətirmək zəruridir, bu səbəbdən iki səciyyəvi məqama diqqətinizi çəkmək istərdim.
Bu iki məqamdan biri təsdiqlənmiş (və video yazıya alınmış) sübutdur ki, cənab Ştrasser 20 oktyabr 2011-ci ildə Berlində ictimai çıxışında Azərbaycan hökumətinə qarşı təhqiredici və hətta düşməncəsinə qeydlər etməklə, Avropa Şurasının məruzəçisi kimi, bitərəflik andını pozmuşdur. Bu qeydlər 28 və 29 oktyabr 2011-ci ildə cənab Ştrasserin Azərbaycanın tanınmış müxalifət qəzeti olan “Azadlıq” qəzetinə verdiyi və daha sonra təkzib etməyə və özünü uzaq tutmağa çalışdığı müsahibəsində təkrar edilmişdir.
İkinci məqam onun Avropa Şurasına 47 üzv dövlətdə subyektiv və ziddiyyətli məsələ kimi qalan “siyasi məhbuslar” terminindən təkrarən istifadə etməsidir. Məsələyə aydınlıq gətirilmədiyi bir vəziyyətdə bu termin London, Paris, Roma və ya Bakıda zorakı nümayişlərdə həbs edilmiş həmin gənclərə tətbiq edilmək üçün bərabər şəkildə istifadə edilə bilər.
Oktyabrın 20-də Berlində bir QHT-nin təşkil etdiyi tədbirdə çıxışı zamanı dedikləri video və audio yazıya alınan cənab Ştrasser öz şərhlərində nümayiş etdirmişdir ki, məruzəçi kimi fəaliyyətini tamamlamaq üçün Azərbaycana səfər etmədən qərarını vermişdir. Onun qeydləri “Azadlıq” qəzetinin jurnalisti tərəfindən birbaşa cənab Ştrasserə ünvanlanmış bir neçə əlavə sualla birgə dərc edilmişdir.
Cənab Ştrasser öz qeydlərində Azərbaycanı Avropa Şurasının deputatlarına rüşvət verməyə cəhddə günahlandırmış və ölkəmizi “sanksiyalar”la hədələmişdir. O bildirib: “Azərbaycana lobbiçilik edənlər AŞPA İnsan Hüquqları Komitəsində çalışanlara rüşvət verməyə çox səy göstərirlər. Özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib.” O, həmçinin elan edir ki, “Hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq.”
Cənab Ştrasserin Azərbaycanı açıq-aşkar hədələdiyi və diktofona yazılmış sözlərindən ibarət qəzet məqaləsinin nə məzmununu, nə də qərəzini təkzib etməsi inandırıcı deyil. Belə ki, Berlində cənab Ştrasserdən müsahibə almış “Azadlıq” qəzetinin jurnalisti təsdiq edir ki, o, cənab Ştrasserin sözlərini diktofona yazmış və hətta cənab Ştrasserin ofisindən nəşr üçün icazə istəmiş və ona heç bir problemin olmadığı və “materialın dərc edilə biləcəyi”ni bildirmişlər.
Hörmətli həmkarlar, Avropa Şurasının ciddi və bitərəf məruzəçisi bir hökumətə qarşı siyasi fəal kimi hərəkət etmir, mənfi məruzə yazacağını elan etmir və həmin hökumətə hücumu barədə diktofona yazılmış sözlərini təkzib etməyə cəhd göstərmir.
O, Azərbaycana səfər üçün viza verilmədiyindən şikayətlənir, lakin 12 noyabr 2011-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri Baş Katibə və Hüquq Məsələləri Komitəsinə məktub yazaraq, “biz ədalət və bərabərlik naminə, təbii ki, hər iki tərəf arasında razılaşdırılacaq tarixdə və gündəlik əsasında iddia edilən siyasi məhbuslar məsələsinin müzakirəsi məqsədilə cənab Ştrasserin 2012-ci il ərzində Azərbaycana baş tuta biləcək rəsmi səfərini sizinlə birgə nəzərdən keçirməyə hazırıq” deyə bildirmişdir.
Cənab Ştrasser 15 dekabr 2011-ci ildə Almaniya Bundestaqının üzvlərinə məktub göndərib. Həmin məktubun sonunda cənab Ştrasser yazır: “Keçən həftə mən Azərbaycan və beynəlxalq QHT-lərinin birlikdə hazırladıqları güman edilən siyasi məhbusların adları olan siyahını və beynəlxalq arenada tanınan Amnesty International kimi QHT-lərin qərarlarını Azərbaycan instansiyalarına göndərmişəm.”
Beləliklə, aydındır ki, cənab Ştrasser “siyahılar” hazırlayır və onları hər yerə göndərir. Bu zaman o, həmçinin Amnesty İnternational təşkilatına istinad edir. Təəssüf ki, cənab Ştrasser üzvü olduğu AŞPA-nın Monitorinq Komitəsinin – məhz Almaniya Bundestaqının üzvlərinə məktub yazdığı gün – 15 dekabrda Parisdə keçirilən iclasında iştirak etməmişdir.
AŞPA-nın Monitorinq Komitəsinin Parisdə keçirilən həmin iclasında Amnesty İnternational təşkilatının Direktor müavini cənab Con Dalhuizen Azərbaycana dair məruzəsini təqdim etmişdir. Sorğu zamanı britaniyalı parlament üzvü ölkədə iddia edilən siyasi məhbusların mövcudluğu məsələsini qaldırmışdır. Cənab Dalhuizenin cavabı çox aydın idi: 2011-ci il mart və aprel aylarındakı nümayişlər zamanı həbs olunmuş onlarla gənc fəaldan başqa, digər məhbusların heç biri “siyasi” məhbus və ya “vicdan” məhbusu hesab oluna bilməz. Bu gənclər iyirmiyə yaxın mağazanın şüşəsini sındırdığına və dayanacaqda saxlanılmış iyirmi beş avtomobilə zərər vurduğuna görə həbs edilmişdir və video görüntülər vasitəsi ilə onların cinayəti sübut olunmuşdur.
Bu həbslərin səbəbini müzakirə etmək olar, lakin Şimali London və Romada və ya Parisin şəhər kənarında, yaxud da Qərbi Avropanın hər hansı bir yerində də insanlar iğtişaşlarda eyni hərəkətə görə həbs olunurlar. Bundan başqa, təkcə 2011-ci il ərzində prezidentin verdiyi 26 may və 26 dekabr tarixli əfv fərmanlarına əsasən, onların bir neçəsi azadlığa buraxılmışdır.
Beləliklə, cənab Ştrasserin böyük siyahısı nəinki əsassızdır, hətta öz iddialarını əsaslandırmaq üçün sitat gətirdiyi Amnesty International-ın yaxşı işini də təkzib edir.
Çox maraqlıdır ki, cənab Ştrasser dekabrın 15-də Almaniya Bundestaqının üzvlərinə ünvanladığı məktubda “siyasi məhbuslar”ın müəyyən edilməsi meyarları məsələsinə xeyli diqqət verir. Onun fikrincə, “bu müzakirəyə ehtiyac yoxdur”. Siyasətçi nə zamandan açıq və şəffaf müzakirə aparmaq istəmir?
Avropa Şurasının Baş Katibi 2001-ci ilin əvvəllərində Ermənistan və Azərbaycanda iddia edilən siyasi məhbusların mövcudluğunu müəyyən etmək məqsədilə çox fərqli bir məzmunda müstəqil ekspertlər qrupu yaratdı. Müstəqil ekspertlər siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirən məruzə hazırlayaraq, AŞ Baş Katibinə təqdim etdilər. Bu məruzə Avropa Şurasının plenar sessiyasında müzakirə olunmamış və hüquqi sənəd kimi qəbul edilməmişdir. Beləliklə, müstəqil ekspertlərin hazırladığı məruzə Avropa Şurasına bütün üzv dövlətlər üçün ümumtanınmış hüquqi sənəd olmamışdır (Siyasi məhbusların müəyyənləşdirilməsi üçün meyarlar məsələsinə dair Məlumat sənədi əlavə edilir).
İnsan Hüquqlarına dair Avropa Konvensiyası 15 aprel 2002-ci ildə Azərbaycanda qüvvəyə minmişdir. Həmin tarixdən Azərbaycan vətəndaşları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycanda hüquqlarının pozulmasını iddia edən istənilən şəxs, o cümlədən hüquqlarının milli məhkəmə sistemində pozulmasınını iddia edən məhbuslar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər. Bununla da, məsələ hüquqi müstəvidə öz həllini tapmış olar. Qeyd edim ki, Azərbaycandan bu Məhkəməyə müraciətlər olub və Avropa Məhkəməsi bu müraciətlərlə bağlı qərarlar çıxarıb. Biz belə halları normal praktika kimi qəbul edirik.
Bu gün “siyasi məhbus” anlayışı ilə bağlı açıq və şəffaf müzakirədə məsələyə aydınlıq gətirilməsi və nəticə etibarilə, Avropa Şurası Parlament Assambleyası tərəfindən qərar qəbul edilməsi zəruridir. Əks təqdirdə, iddia edilə bilər ki, Şimali Londonda zorakı yeniyetmələr Bakıda şəxsi mülkiyyətə zərər vurmuş şəxslər kimi siyasi məhbusdurlar.
Biz və Avropa Şurasında digər şəxslər ürəkdən inanırıq ki, AŞPA-nın etibarlılığının və qanunun aliliyinin təmin edilməsi məqsədilə ümumtanınmış qanuni sənəd qəbul edilməlidir. Biz təkrarən bildiririk ki, Avropa Şurasının plenar sessiyasında açıq və şəffaf müzakirə şəraitində siyasi məhbuslara dair meyarlar toplusu barədə razılığa gəlmək məqsədilə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi ilə hərtərəfli əməkdaşlığa hazırıq.
Cənab Ştrasser Azərbaycanda siyasi məhbus məsələsini araşdırmaq üçün AŞPA-nın məruzəçisi təyin olunandan bəri bizim üçün maraqlıdır ki, niyə cənab Ştrasser mənfi yanaşmasında bu qədər fanatikdir və “siyasi” məhbus anlayışını müəyyən etmək məqsədilə aydın meyarlara dair açıq və şəffaf parlament müzakirəsinə hər vəchlə etiraz bildirir, nə üçün eyni zamanda faktların doğruluğunu yoxlamadan istənilən müxalifət fəalının iddiasına inanır, nəyə görə Azərbaycan əleyhinə Bundestaqın Sosial-Demokratlar Partiyasının petisiyası üçün təşəbbüs göstərir, niyə Berlində keçirilmiş konfransı Azərbaycan hökumətinə qarşı qərəzli və tərəfkeş xarakterli yüksək siyasi qeydlər vermək üçün istifadə edir, nə üçün sonra hətta audio və video yazıya alınmış sözlərini təkzib etməyə çalışır və nə üçün parlament həmkarlarına rüşvət verilməsi barədə ictimai şəkildə tamamilə inanılmaz ittihamlar irəli sürür.
Hesab edirik ki, indi onun çıxışı və müsahibəsi qeydə alındığına görə sözlərini təkzib etməsinin mümkün olmadığı və dediklərinin məhz Amnesty İnternational-a zidd olduğu bir şəraitdə cənab Ştrasser üçün ən şərəfli addım şəffaf deputat kimi hərəkət etmək və Avropa Şurasının 47 üzv dövlətinə şamil edilə biləcək siyasi məhbuslara dair meyarların açıq və şəffaf müzakirəsində həmkarlarına qoşulmaq və daha sonra bu il ərzində əvvəlki düşməncəsinə qeydlərini geri götürərək, ölkəmizə ədalətli və bitərəf davranacağı səfərə dair razılığa gəlmək olar.
Biz tam əməkdaşlığa hazırıq. Bunun nümunəsi kimi bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinin iştirakçısı kimi, AVRONEST PA-nın üzvüdür. Bu qurumun Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin “Şərq Tərəfdaşlığı və Aİ ölkələrində azad və müstəqil mediya və demokratiyanın gələcəyi” mövzusu üzrə məruzəçisi, Almaniyalı deputat cənab Knut Flekenşteyni Azərbaycana dəvət etmişik. Belə ki, biz onun obyektiv və qərəzsiz olduğuna inanırıq.
Nəticə
Beləliklə, aşağıdakıları Sizin diqqətinizə çatdırmağı vacib hesab edirəm:
1. Bitərəf, ədalətli və tarazlaşdırılmış mövqe nümayiş etdirməli olan məruzəçi cənab Ştrasser Berlində “Azadlıq” qəzetinə verdiyi və 28 və 29 oktyabr 2011-ci ildə nəşr edilmiş müsahibəsində Azərbaycan hakimiyyətinə və Avropa deputatlarına qarşı ciddi ittihamlar irəli sürmüş, Azərbaycan hökumətini sanksiyalarla təhdid etmiş və “ədalətli və tarazlaşdırılmış” məruzə hazırlamaq üçün Azərbaycana səfəri ərəfəsində bildirmişdir ki, məruzəsi Azərbaycana qarşı olacaq.
2. Daha sonra cənab Ştrasser Münster seçicilərinin izlədiyi şəxsi saytında heç vaxt “Azadlıq” qəzetinə müsahibə vermədiyini deyərək, müsahibəni təkzib etmiş, Bundestaq üzvləri və Almaniya ictimaiyyətinə yalan demişdir.
3. Cənab Ştrasser AŞPA-nın Hüquq Məsələləri Komitəsinin AŞ-nın 47 üzv dövlətinə şamil edilə biləcək siyasi məhbuslara dair meyarların açıq və şəffaf müzakirəsinə qarşı çıxır, mandatına zidd olaraq siyasi məhbuslara dair meyarları işləmək kimi mühüm məsələdə ədalətli və açıq səsvermə yolu ilə qəbul edilməsinə ehtiyac olmadığını bildirir.
4. İndi cənab Ştrasser yanlış olaraq iddia etmişdir ki, Azərbaycan onu Bakıya məruzəçi qismində dəvət etmək istəmir, halbuki Azərbaycanın xoş niyyəti AŞPA-nın Hüquq Məsələləri Komitəsinin Sədrinə ünvanlanan son məktubda aydın görünür.
5. Cənab Ştrasser öz motivləri və hərəkətləri haqqında faktları və şəffaflığı təmin etmədən, nüfuzlu həmkarları və parlamentariləri ölkəmiz barədə birgə bəyannamə verməyə ruhlandıra bilmişdir. Nəticə etibarilə, o, öz düzgünlük və etibarlılığına zərbə vurmuş, AŞPA-da və Almaniya Bundestaqında deputat həmkarlarına bilərəkdən səhv məlumatlar vermişdir.
6. Ştrasserin yuxarıda açıqladığı qərəzli və düşmən mövqeyindən sonra söhbət onun viza almasından getmir, əsas odur ki, o, ədalətli və neytral məruzəçi ola bilərmi? Bunu sizin mühakimənizə buraxıram.
7. Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyon insanın hüquqlarının kütləvi və kobud şəkildə tapdalanması nəzərə alınmır. Beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın bu barədə qətnamələrinə nə üçün məhəl qoyulmur?
8. AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Alt Komitəsini Ermənistan deputatları 1 ildən artıqdır ki, boykot edir. Buna isə AŞ-da hamı susur. Susmaq isə bəraət vermək deməkdir. Bunun səbəbi nədir?
9. Beynəlxalq institutların Azərbaycana münasibətdə nümayiş etdirdiyi bəzi hallarda laqeyd, əksər hallarda isə qərəzli mövqeyi Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmaqdadır ki, bunun səbəbi mənim ölkəmin əhalisinin böyük əksəriyyətinin müsəlman olması ilə bağlıdır. Bu doğrudanmı belədir?
Buna baxmayaraq qeyd etməliyəm ki, Azərbaycan tolerant, hüquqi və dünyəvi bir ölkədir. Biz Avropaya inteqrasiya edirik və biz öz məqsədlərimizin həyata keçirilməsində israrlıyıq.
Biz sadəcə cənab Ştrasserin öz şəxsi müharibəsinə son qoymağa, özünü deputat həmkarları ilə korrekt olmağa dəvət edirik. Bu, düzgün və şərəfli olar. Biz ümid edirik ki, siz bunun müvafiq yanaşma olduğu ilə razılaşacaqsınız.
Dərin hörmətlə,
Elxan Süleymanov,
AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü,
AŞPA Monitorinq Komitəsinin üzvü,
Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin sədri