Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarına münasibət bildirib. Onun sözlərinə görə, yanvarın 9-da Avropa Məhkəməsinin Böyük Palatası iki qərar qəbul edib. Həmin qərarlarla Laçın rayonundan məcburi köçkün düşmüş 6 nəfər azərbaycanlı vətəndaşın Ermənistana qarşı şikayəti və Ermənistan vətəndaşının Azərbaycana qarşı 1 şikayəti məqbul hesab edilib.
PA rəsmisi qeyd edib ki, Azərbaycan vətəndaşlarının şikayəti 2005-ci ildə daxil olub, 2010-cu ilin sentyabr ayında Avropa Məhkəməsində açıq məhkəmə iclası keçirilib və 16 aydan sonra bu qərarlar qəbul edilib.
“Qərarlarda göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın böyük bir hissəsini işğal edib, bunun nəticəsində 1 milyona yaxın Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb. Həmçinin göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi 4 min kvadrat kilometr olduğu halda bundan 2 dəfə artıq əraziləri zəbt edib ki, bu da Azərbaycanın 7 rayonudur”, – Əsgərov qeyd edib.
O, qeyd edib ki, Ermənistan vətəndaşının Azərbaycana qarşı şikayətində iddia edilirdi ki, Azərbaycan onun mülkiyyət hüquqlarını pozur, lakin Azərbaycanın iddiası ondan ibarət olub ki, həmin şəxsin yaşadığı Gülüstan kəndi hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşir və orada hər hansı bir şəxsin yaşamağını təmin edə bilməz.
“Biz sübutları təqdim etmişik və Avropa Məhkəməsi qərara almalıdır ki, Ermənistan Respublikası Laçın rayonundan olan şəxslərin hüquqlarının pozulmasına cavabdehlik daşıyır”, – Əsgərov bildirib.