Bu barədə Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib. “Bu il GUAM PA-da sədrlik Moldovadan Ukraynaya keçəcək. Bakıda keçiriləcək beynəlxalq konfransın vaxtının dəqiqləşdirilməsi quruma sədrlik edən ölkənin qərarından asılı olacaq”, – Məmmədov deyib.
Onun sözlərinə görə, dondurulmuş münaqişələrin həllinin müzakirə olunacağı konfransın təşkili PA-nın büro iclasında 2012-ci ilin gündəliyinə salınıb.
Dörd qurumun iştirakı ilə yayda keçirilməsi planlaşdırılan beynəlxalq konfransın təşkilində məqsəd birgə əməkdaşlığın genişləndirilməsidir.
GUAM PA, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyasının iştirakı ilə Bakıda ötən il oktyabrın 10-11-də də birgə beynəlxalq konfrans keçirilmişdi. “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı tədbirdə enerji təhlükəsizliyi, GUAM və Baltik regionunda siyasi sabitlik, inteqrasiya məsələləri, nanotexnologiyalar müzakirə olunmuşdu.