İcbari Sığorta üzrə Bürodan bazar ertəsi Trend-ə bildiriblər ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya başqa hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əvvəllər qüvvədə olmuş “Yanğından icbari sığorta haqqında” qanunda da əmlakın sığortası icbari idi, lakin sığortalanan risklər yanğınla məhdudlaşırdı.
Yeni qanunda sığortalanan risklərin siyahısı genişləndirilmiş, yeni, daha mükəmməl formada tətbiq olunmuşdur. İndi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə vətəndaşların daha geniş sosial müdafiəsinin təmini məqsədilə, hər bölgə üçün müəyyən minimum sığorta məbləği təyin edilib.
Bakı şəhəri üçün minimum sığorta məbləği 25 000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 000 manat, digər yerlər üçün 15 000 manat müəyyənləşdirilib. Sığorta haqqı isə, müvafiq olaraq, 50 manat, 40 manat, 30 manat təşkil edir.
Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu Milli Məclis 2011-ci il iyulun 24-də təsdiqləyib. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yeni qanun qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirir.