Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, qanun layihəsində dağınıq skleroz xəstələrinin müayinəsi, müalicəsi, profilaktikası, reabilitasiyası, sanatoriyalarla təmin olunması ilə bağlı Dövlət Proqramının hazırlanması qeyd olunub.
Dağınıq skleroz müalicəsi bahalı dərmanlar tələb edən xəstəlikdir.
İclasda bildirilib ki, dağınıq skleroz dünyada geniş yayılmış və insana çox əzab verən xəstəlikdir. O, insanın bütün orqan və toxumalarını zədələyir – görməsi, eşitməsi, nitqi, hərəkəti, koordinasiyası pozulur, əqli zəiflik baş verir və xroniki davam edir. Müalicəsi isə ildə 10-15 min manat xərc tələb edir.
Millət vəkili Musa Quliyev bildirib ki, bu xəstəlik adətən insanlarda cavan yaşlarından (17-18 yaş) başlayır və onlar uzun müddət işləyə bilmirlər.
Dağınıq sklerozun ilk əlaməti hərəkətin və koordinasiyanın pozulmasıdır – əllər, ayaqlar işləmir, sidik ifrazının norması pozulur. İnkişaf edəndən sonra xəstəliyin simptomları gözlərin bir tərəfə baxması, baş əsməsi, ağızın bir tərəfə əyilməsi, koordinasiyanın pozulması, nitqin itməsidir.