Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov bildirib ki, alimentin ödənilməsi mexanizmini təkmilləşdirmək məqsədilə Skandinaviya ölkələrinin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqi effektli ola bilər.
“Skandinaviya dövlətlərində məhkəmənin müəyyən etdiyi müddətdə alimenti ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Müəyyən müddətə azadlıqdan məhrum edilərək məcburi əməyə cəlb olunur. Onun işlədiyi müddətdə aldığı haqq alimenti almalı olan şəxsin hesabına köçürülür. Azərbaycanda da Skandinaviya dövlətlərinin təcrübəsinə istinad etmək olar”, – Səfərov deyib.
Komitə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı məhkəmə konkret müddət müəyyən etməli, bu müddətdə aliment ödənilməzsə, şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.
“Azərbaycan qanunvericiliyinə görə, məhkəmə qərarını icra etməmək cinayət məsuliyyəti yaradır. Bu məsələni icraçılar qaldırmalıdır, amma onlar bu işdə aktiv deyillər. İcraçılara da nəzarət artırılmalıdır”, – müdir müavini deyib.
Səfərov hesab edir ki, alimenti ödəməkdən boyun qaçıran şəxslərin əməyə məcburi cəlb olunması məsələsi tətbiq olunarsa, onda cavabdeh şəxslər gəlir və əmlaklarını gizlətməkdə maraqlı olmayacaqlar.
Komitə rəsmisi alimentin ödənilməsi ilə bağlı digər bir problemin xarici ölkələrdə yaşamaq hüququ və vətəndaşlıq alan şəxslərlə bağlı olduğunu deyir.
Onun sözlərinə görə, elə şəxslər var ki, xarici ölkələrdə müvəqqəti yaşayış hüququ, vətəndaşlıq alıblar.
“Onlar tərəfindən alimentlərin ödənilməsində problemlər var. Əsas problem Rusiya, ABŞ və Fransa ilə bağlıdır. Bu dövlətlərlə alimentin ödənilməsi ilə bağlı ikitərəfli müqavilələrimizin olmaması problemlər yaradır. Komitə həmin dövlətlərlə ikitərəfli müqavilələrin bağlanmasını təklif edib. Müqavilə olarsa, bizim 1 məktubla həmin ölkələrdə yaşayan cavabdeh şəxsləri alimenti ödəməyə məcbur etmək olar”, – Səfərov deyib.
Komitə alimentlərin ödənilməsi sahəsində yaranmış problemlərin həlli məqsədilə aliment fondunun yaradılması təklifi ilə Milli Məclisə müraciət edib.
Səfərov bildirib ki, Komitənin bu təklifi hələ ki qanunverici orqan tərəfindən dəstəklənmir.
“Aliment bu fonddan ödənilməli, dövlət özü borclu ilə problemini həll etməlidir”, – o deyib.
Alimentlərin məbləğinə toxunan Səfərov deyib ki, alimentin məbləği bu il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan – 76 manatdan az ola bilməz.
“Əgər məhkəmə qərarı ilə alimentlərin məbləği 76 manatdan az müəyyən olunubsa, məbləğin artırılması ilə bağlı məhkəməyə müraciət oluna bilər”, – müdir müavini deyib.
Alimentin ödənilməsi ilə əlaqədar mexanizmin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyən Səfərov bildirib ki, Komitə bu sahədə yaranmış problemlərin həlli məqsədilə təkliflər paketini müvafiq qurumlara təqdim edəcək.
Ali Məhkəmənin hakimi Mehparə Əhmədova isə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı problemin həlli məqsədilə məhkəmələrin alimentin ödənilməsi barədə qərarları dərhal icraya yönəlməlidir. Qanunvericiliyə görə, belə qərarlar qüvvəyə mindiyi vaxtdan icraya yönəldilir.
Ötən il respublika üzrə birinci instansiya məhkəmələrində alimentlə bağlı 1850 işə baxılıb, onlardan 1545-i təmin olunub; apelyasiya məhkəmələrində 378 işə baxılıb, 253 iş üzrə qətnamə qüvvədə saxlanılıb; Ali Məhkəmədə 75 işə baxılıb, 65 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Bu ilin 6 ayında Ali Məhkəmədə alimentlə bağlı 29 işə baxılıb, 27 iş üzrə qətnamə qüvvədə saxlanılıb.