Beynəlxalq qurum “Amnesty İnternational ” təşkilatının Azərbaycana dair hesabatı ilə bağlı rəyini açıqlayıb

İşçi Qrup “Amnesty İnternational” təşkilatı tərəfindən dünyanın 150-dən artıq ölkəsində insan hüquqlarının vəziyyətinin izlənilməsi və bu sahədə dövri olaraq hesabatlar hazırlamasını təqdirəlayiq hal kimi qiymətləndirir. Təşkilat təəssüf hissi ilə qeyd edir ki, “Amnesty İnternational” təşkilatı tərəfindən geniş ictimaiyyətə təqdim edilən hesabatlar heç də həmişə bu meyarlara əsaslanan araşdırmalar əsasında hazırlanmır və bir sıra hallarda birtərəfli və qeyri-obyektiv xarakter daşıyır.

Rəydə bu qəbildən olan hesabatlardan birinin də təşkilatın 2011-ci ildə hazırladığı Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlığının vəziyyətindən bəhs edən “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat olduğu bildirilir və buna təəssüf edilir.

“Hesabatın adı ilə tanış olarkən təqdim edilən hesabatın müəlliflərinin ərəb ölkələrində 2011-ci ilin əvvəllərindən başlayaraq baş verən proseslərin Azərbaycanda təkrarlanması istəklərinin olması və bu ssenarinin həyata keçməməsindən təəssüfləndikləri üzə çıxır. Göründüyü kimi, sənədin əsas məqsədlərindən biri hesabat müəlliflərinin istəklərinin guya obyektiv olmasını sübuta yetirməkdən və bu “obyektiv” gözləntiləri beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarət olub”, – İşçi Qrupun rəyində qeyd edilir.

Sənəddə daha sonra bildirilir ki, hesabatda onu hazırlayanların “obyektiv” gözləntilərini əsaslandırmaq üçün obyektiv, qərəzsiz araşdırma və tədqiqat aparılması prinsip və meyarları pozulub, alternativ informasiya mənbələrindən istifadə edilməyib. Hesabat əvvəlcədən müəyyənləşmiş mövqeyin müdafiəsi məqsədilə hazırlanıb.

“Hesabatın “Giriş” hissəsində göstərilir ki, “İyirmi illik müstəqillik, iqtisadi firavanlıq və nisbi sabitlik şəraitində Azərbaycan özünün insan hüquqları sahəsindəki tarixçəsini və vətəndaşlarının əsas azadlıqlarını yaxşılaşdıra bilməyib”. Şübhəsiz ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi və demokratiyanın genişlənməsi sahəsində bəzi problemlər var və bunu ölkə rəhbərliyi belə inkar etmir.

Misal üçün, belə problemlərdən biri kimi korrupsiyanı, hüquq-məhkəmə sistemində ayrı-ayrı hakimlər tərəfindən prosedur xarakterli xətalara yol verilməsini və s. göstərmək olar. Lakin mövcud problemləri sadalayarkən, ölkədə müstəqillik dövründə müxtəlif sahələrdə, o cümlədən demokratik dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və digər sahələrdə əldə edilmiş ciddi irəliləyişləri inkar etmək və ya onları təhrif etmək obyektivlik kriteriyasına cavab vermir”, – rəydə bildirilir.

Birgə İşçi Qrup qeyd edir ki, hesabatın “Giriş” hissəsində eyni zamanda iddia edilir ki, Azərbaycanda “dinc etiraz nümayişləri onların qadağan edilməsi və onların təşkilatçılarının və iştirakçılarının həbs edilməsi ilə kriminallaşdırılıb.

“Polis dinc, lakin rəsmən icazəsi verilməmiş nümayişləri dağıdarkən aşırı qüvvədən istifadə edir. İnsan hüquqları müdafiəçilərinə qarşı təhdid və təqiblər, demokratiya və insan hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti qruplarının bağlanması və ya qeydiyyatından imtina edilməsi kimi qanunvericilik və inzibati vasitələrlə müşayiət olunur”, – rəydə bildirilir.

Qeyd edilir ki, ölkə daxilində insan hüquqlarının pozulması hallarının qeyd edilməsi və onların bir daha bu və ya digər formada təkrar edilməsinin qarşısını almaq vacib məsələdir. Bununla bərabər, hesab edilir ki, ayrı-ayrı insan hüquqlarının pozulması hallarını müxtəlif mötəbər mənbələrdən istifadə etməklə təfsilatı ilə araşdırmadan, belə halların yaranması səbəblərini və onların nəticələrini müəyyənləşdirmədən ümumiləşdirərək, ölkədə total şəkildə aktivistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin təqib edilməsi, demokratiyanın və insan hüquqlarının boğulması kimi qiymətləndirmək səhv olar.

“Təəssüfedici haldır ki, hesabat müəllifləri öz iddialarını sübuta yetirmək üçün eyni və birtərəfli mənbələrə istinad edirlər. Misal üçün göstərmək lazımdır ki, hesabatın vətəndaş cəmiyyətinə dair bölməsində əksər hallarda təqdim edilən məlumatlar yalnız eyni mənbəyə, konkret olaraq “Azadlıq” radiosunun Bakı Bürosunun və bir müddət əvvəl “Azadlıq” radiosunun Bakı Bürosuna rəhbərlik etmiş, hazırda burada çalışan jurnalist Xədicə İsmayılovanın, həmçinin müxalif mövqedən çıxış edən KİV-in informasiyalarına istinad edilərək verilir. Hesabatın digər bölməsində də belə birtərəfli mənbələrə istinadlardan istifadə edilir. Bu isə öz növbəsində “Amnesty İnternational” təşkilatının hesabatının obyektivliyini şübhə altına alır”, – rəydə qeyd edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO