Dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi ilə görüşüblər. Mediamaks xəbər verir ki, görüş zamanı bu gün Litvada öz işinə başlayan ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü çərçivəsində birgə bəyanatın qəbul olunmasının mümkünlüyü müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Trend-ə açıqlamasında XİN başçılarının görüşünü təsdiqləyib.
Həmsədrlərin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.