Millət vəkili Elxan Süleymanov Almaniya Bundestaqının üzvlərinə müraciət edib

Millət vəkili Elxan Süleymanov Almaniya Bundestaqının üzvlərinə müraciət edib Avropa Şurası Parlament Assambıleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin üzvü Elxan Süleymanov Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitələrinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qəbul etdikləri birgə bəyannamə ilə bağlı Almaniya Bundestaqının üzvlərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir: “Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin Azərbaycandakı məsələlərə dair qəbul etdiyi bəyannamə bizi çox təəssüfləndirir. Belə ki, qəbul edilmiş birgə bəyannamədə Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi şübhə altına alınır və biz bu yanlış və səhv ittihamı ən güclü və aydın şərtlərdə təkzib edirik.

Azərbaycan bütün öhdəliklərə, eyni zamanda 2002-ci il İnsan Hüquqlarına dair Avropa Konvensiyasının öhdəliklərinə sadiqdir və Münsterdə, Almaniyadakı əyalətdə və ya başqa bir yerdə olmasından asılı olmayaraq, heç bir ölkədə, heç bir yerli siyasətçi ədalətsiz lobbiçiliyə, yanlış iddialara və ya deputat yoldaşlarının qərəzli mövqeyinə nail olmağa səy göstərməyə əsaslanan yerli və ya beynəlxalq auditoriya üçün demaqoq tipli çıxışlarla məşğul olmamalıdır.

Sənəddə ölkəmizin konkret olaraq AŞPA-nın 2009-cu ildə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi cənab Kristof Ştrasserlə əməkdaşlıqdan imtina etdiyi və “Bakının tələbinə cavab olaraq bir neçə həftə əvvəl mandatın yalnız Azərbaycanda siyasi məhbuslar ilə məhdudlaşdırılması götürülsə də”, Azərbaycanın “siyasi məhbuslar üzrə məruzəçiyə yenə viza” vermədiyi və “onu yenə ölkəyə səfərini təxirə salmağa məcbur” etdiyi göstərilir. Bu, sadəcə yalandır. Azərbaycan cənab Ştrasserlə əməkdaşlıq üçün fəal çalışır. Digər tərəfdən, görünür ki, cənab Ştrasser özü konstruktiv səylər istiqamətindəki hər cəhddən imtina edir, sanki o, məsələyə sırf Azərbaycandakı fərdi müxalifət fəalları ilə tez-tez əlaqə qurmasından irəli gələn qərəzli və Bundestaqın nüfuzlu üzvü bir kənara, AŞPA Komitəsinin məruzəçisindən gözlənilən balans və bitərəflik olmayan mövqe nümayiş etdirib.

Cənab Ştrasserin sizə nə deməsinin əksinə, aydınlaşacaq ki, Azərbaycan əməkdaşlıq edir və elə bir neçə gün əvvəl cənab Ştrasserin Yeni İldə səfərini planlaşdıra bilmək məqsədilə məsələni yenidən nəzərdən keçirmək istəyi barədə yazılı formada AŞPA-nın Hüquq Məsələləri Komitəsinə məlumat verib. Beləliklə, buna zidd istənilən bəyanat təhqiredici və qeyri-müvafiqdir, çünki yanlış məlumata əsaslanır.

Bəyannamədə komitəniz AŞPA-nı “Azərbaycanın Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə yubadılmadan Azərbaycana daxil olmasına icazə verməsinə və ona öz mandatını yerinə yetirmək üçün zəruri olan hər bir dəstək göstərməyə” və “İnsan Hüquqları və əsas azadlıqların qorunması üzrə Avropa Konvensiyasına riayət etməsi üçün hərtərəfli tədbir görməyə” çağırır.

Bununla bağlı, əziz həmkarlar, qeyd etməyi vacib hesab edirik ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən heç vaxt imtina etməyib, əksinə, bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi üçün davamlı tədbirlər həyata keçirib. Hazırda da Azərbaycan Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir və biz Avropa Şurasının üzvü kimi bu təşkilat tərəfindən qəbul edilmiş qərarları, o cümlədən siyasi məhbus məsələsi ilə bağlı qərarları yerinə yetirməkdə israrlıyıq.

Eyni zamanda, AŞPA üzvlərinin uğurla səsverməsindən göründüyü kimi, biz artıq neçə illik müzakirədən sonra göstərmişik ki, AŞPA-da siyasi məhbus məsələsini müzakirə edərkən, ikili standartlardan çəkinmək məqsədilə təşkilata üzv 47 ölkə arasında heç bir ayrı-seçkiliyə yol verilmədən ümumqəbul edilmiş meyarlar qəbul edilməlidir.

Aİ üzvü olan 27 ölkədən bir çox parlamentarilər, eləcə də beynəlxalq akademik orqanlar bu və ya digər ölkəni araşdırmazdan və ya ittiham etməzdən əvvəl beynəlxalq hüquqi çərçivənin hazırlanması məqsədi daşıyan bu təklifə dəstək veriblər.

Bunun nəticəsi olaraq, AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi bir neçə həftə əvvəl, cari ilin oktyabrında siyasi məhbus probleminin araşdırılması məruzəsinin adının dəyişdirilməsi barədə qərar qəbul edib. Komitənin bu qərarı Sizin qəbul etdiyiniz bəyannamədə göstərildiyinin əksinə olaraq “Bakının tələbinə cavab olaraq” qəbul edilməyib – çünki bu, bizim təşəbbüsümüz deyildi – və bu qərar AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin böyük əksəriyyətinin (bir səs əleyhinə olmaqla) dəstəklədiyi qərar olub.

İstənilən halda, Komitənin bu vacib qərarından sonra Azərbaycan hakimiyyəti cənab Ştrasserin noyabrın ikinci yarısında öz mandatına uyğun olaraq səfərinin və səfərin gündəliyinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Lakin belə bir vaxtda mühüm müxalifət qəzeti kimi tanınan “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında cənab Kristof Ştrasserin “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi çap edildi. Bu müsahibədə tək Azərbaycan hakimiyyətinə qarşı deyil, eyni zamanda AŞPA-nın və Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin üzvlərinə, eləcə də Almaniya Bundestaqının üzvlərinə qarşı ciddi və böhtan dolu ittihamlar irəli sürülüb.

Cənab Ştrasser müsahibədə 5 oktyabr 2011-ci il tarixdə Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzənin adının dəyişdirilməsi ilə bağlı Komitənin böyük əksəriyyətinin lehinə və iki səs əleyhinə olmaqla qəbul edilmiş qərarı ilə razılaşmadığını vurğulayıb və bu qərarının onun iştirakı olmadan qəbul edildiyini bildirib. O, öz mövqeyini belə izah edib: “Öz mövqeyimi ifadə edim ki, mən bu kompromislə razı deyiləm. Bu, elə də xoşagələn nəticə deyil. Bu kompromis mənim iştirakım olmadan qəbul edilib. Ona görə də etirazımı bildirirəm, razı olmadığımı qeyd edirəm”.

Cənab Ştrasser çox aydın şəkildə deyib ki, “AŞ PA-da gedən proseslərlə razı deyiləm”. O, AŞPA deputatlarını qruplaşmalar yaratmaqda günahlandıraraq, deyir ki, “hazırda bu məsələlərlə bağlı müəyyən qruplaşmalar yaratmağa cəhd göstərilir ki, bu da xoşagələn deyil”.

Cənab Ştrasserlə bağlı başqa nə isə deməyə ehtiyac yoxdur. O, öz sözləri və hərəkətləri ilə özünün qərəzli və qeyri-obyektiv mövqeyə malik və institusional məsuliyyət hissi olmayan Bundestaqda Münsteri təmsil edən yerli siyasətçi olduğunu göstərir. Belə ki, o, bunu suveren dövlətin yerli siyasətinə müdaxiləni bildirən müxalifət qəzetlərinə düşünülməmiş və böhtanla dolu müsahibələr silsiləsi ilə nümayiş etdirir. Hətta demaqoq ritorikası ilə bir daha aydın şəkildə göstərir ki, Avropa qurumunun məruzəçisi kimi rəsmi səfər etmədən qərarını verib.

Cənab Ştrasserin Bakıya ədalətli, bitərəf və obyektiv şəkildə səfərdən və müzakirənin hər iki tərəfini dinləməkdən imtina etməsi Bundestaq və ya Avropa qurumunun məsul üzvünün rəftarı deyil. Hətta belə olsa da, Azərbaycan Avropa qurumuna hörmət edir və cənab Ştrasserlə əməkdaşlıq etmək istəyir, o şərtlə ki, cənab Ştrasser qərəzi bir kənara qoysun və ədalətli, tarazlaşdırılmış rəftar etsin.

Məruzəçinin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin qəbul etdiyi qərara özünəməxsus belə bir interpretasiya verməsi və heç bir araşdırma aparmadan ölkədə konkret miqdarda siyasi məhbusun olmasını iddia etməsini nəzərə alsaq, o, məsələyə əvvəlcədən qərəzli və qeyri-obyektiv mövqeyinin olduğunu bir daha təsdiq edir.

Azərbaycana səfər ərəfəsində olan bir məruzəçi üçün şok bir haldır ki, cənab Ştrasser yerli və fəal müxalifət qəzetinə müsahibəsində hətta Azərbaycan hakimiyyətini təhdid edərək bildirib ki, “hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq”.

Göründüyü kimi, biz bu gün açıq-aşkar olaraq məruzəçi cənab Ştrasserin hamımızın ondan gözlədiyi kimi neytral arbitr olmaq və neytral fakt-araşdırıcı missiya qurmaq niyyətində olmaması faktı ilə üzləşmişik.

Məhkəmə yolu ilə mümkün olsaydı, cənab Ştrasser açıq qərəzli davranışı ilə AŞPA-dakı vəzifəsindən impiçment üçün ideal namizəd olardı. Bu azmış kimi, cənab Ştrasser müsahibədə Azərbaycan hakimiyyətinin və ona yaxın qüvvələrin Qərbi Avropada lobbi işini həyata keçirməsinin onun işini çətinləşdirdiyini bildirib. O, eyni zamanda Almaniya Bundestaqının daxili paylama sistemindən deputatlar tərəfindən hazırlanan sənədin mətninin oğurlandığını iddia edib. Qeyd edilməlidir ki, cənab Ştrasser Bundestaq deputatlarını oğurluqla məşğul olmaqda ciddi ittiham etməsi ilə yanaşı, göründüyü kimi, həm də yalan danışır.

Belə ki, 24 mart 2011-ci ildə cənab Ştrasser Almaniya Bundestaqının bütün sosialist deputatlarına siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı petisiyanı dəstəkləyərək, imzalamaq üçün müraciət etmişdi. O, məktubunda verdiyi izaha əsasən, bu petisiyanı özü imzalamayıb: “Mən AŞPA-nın həmməruzəçisi olmağıma baxmayaraq, neytrallıq səbəbindən bu təklifi imzalaya bilmərəm.” Belə ki, cənab Ştrasser çox yaxşı bilir ki, o, qaydaları və bitərəf AŞPA məruzəçisinin normalarını pozur. Odur ki, qeyd edilən sənəd, cənab Ştrasserin “Azadlıq” qəzetinə verdiyi müsahibəsində dediyinin əksinə olaraq, Bundestaqın deputatları tərəfindən hazırlanan petisiya olmayıb və həmin sənədin yuxarısında yazıldığı kimi, petisiyaya dəstək almaq məqsədi daşıyan bu siyasi təşəbbüsü digər deputatlar deyil, məhz cənab Ştrasserin özü irəli sürüb. Bununla o, neytrallığı bilərək pozub.

“Azadlıq” qəzetinin 28-29 oktyabr tarixli saylarında deyilir ki, “Avropalı deputat (Ştrasser) Azərbaycan hökumətinin oyunlarını ifşa edib”. Belə ki, qəzetin həmin saylarında nəşr edilmiş müsahibədə cənab Ştrasser açıq-aşkar ciddi ittiham irəli sürür və iddia edir ki, “Azərbaycana lobbiçilik edənlər AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə rüşvət vermək üçün çoxlu səylər göstərirlər.” O, daha sonra yalnız öz adından danışa biləcəyini anladığına görə, müsahibədə etiraf edir ki, “özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib”.

Aydındır ki, hər hansı sübut və ya hətta sübut əlaməti olmadan verilmiş bu cür qalmaqallı açıq bəyanat həm Azərbaycan hakimiyyətinə qarşı böhtanla dolu ağır cinayətlərdə ittiham etməklə yanaşı, ümumilikdə AŞPA və Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin obyektivliyini şübhə altına alır. Cənab Ştrasserin bu iddiaları belə bir təsəvvür yaradır ki, Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən hər kəs, o cümlədən Komitə üzvləri guya Azərbaycan tərəfindən rüşvət alıblar.

Bu, Bundestaqın və ya Almaniya hökumətinin və ya Avropa qurumunun etibarlı üzvünün hərəkəti deyildir. Bu, bir təhrikçi və demaqoqa xas hərəkətdir.

Odur ki, cənab Ştrasserin ittihamlarının heç bir əsasının olmadığını və onların tamamilə qəbuledilməz olduğunu qeyd edərək, belə qərəzli ittihamların Azərbaycanın beynəlxalq imicinə qarşı yönəlmiş qərəzli və düşünülmüş bir addım olduğunu, eyni zamanda bu saxta ittihamların ölkə rəhbərliyinin şərəf və işgüzar maraqlarına zərbə vurmaq niyyəti ilə irəli sürüldüyünü vurğulayırıq.

Biz şübhə edirik ki, Kansler xanım Angela Merkelə Kristof Ştrasser kimi bir kəsin təsiri ola bilər.

Əziz həmkarlar, bilməlisiniz ki, hazırda cənab Kristof Ştrasserin “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi ətrafında daha ciddi və mübahisəli məqamlar ortaya çıxıb. Belə ki, bir tərəfdən, cənab Ştrasserin saytında onun “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyi bildirilib. Göstərilib ki, cənab Ştrasser Berlində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş konfransda iştirak edib və həmin konfransda AŞPA-nın siyasi məhbuslar üzrə ona verdiyi mandatla bağlı çıxış edib. Çıxışın “Azadlıq” qəzetində təqdim edilməsi üslubundan Kristof Ştrasserin kənarda dayandığı və çıxışın onun icazəsi olmadan müsahibə şəklində çap edildiyi bildirilib.

Digər tərəfdən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid cənab Ştrasserin saytında göstərilənləri rəsmi şəkildə təkzib edib və “Musavat” qəzetinin 15 noyabr 2011-ci il tarixli sayında aydın formada təsdiq edib ki, “qəzetdə əksini tapan fikirlər tamamilə və bütövlükdə cənab Ştrasserə məxsusdur”.

Bundan əlavə, “Azadlıq” qəzetinin 16 noyabr 2011-ci il tarixli sayında “Ştrasser “Azadlıq”a müsahibə veribmi?” başlığı altında sonrakı məqalə dərc edilib. Həmin məqalədə cənab Ştrasserdən yuxarıda qeyd edilmiş qalmaqallı və qərəzli müsahibə götürmüş jurnalist Fikrət Hüseynli yaranmış vəziyyətlə bağlı bütün məqamlara aydınlıq gətirib. O, müsahibənin cənab Ştrasser tərəfindən inkar edilməsinin əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli cənab Ştrasserin konfransda çıxışının, ona çıxışla bağlı verilən suallar və həmin sualların cavablandırılmasının, konfransdan sonra cənab Ştrasserlə şəxsi söhbətinin və ona verdiyi suallar və onlara verilən cavabların diktofona yazıldığını vurğulayıb və həmin audio-yazıların hazırda mövcud olmasını diqqətə çatdırıb. Bundan əlavə, jurnalist Fikrət Hüseynli müsahibə hazırlanıb başa çatdıqdan sonra cənab Ştrasserin bürosu ilə telefon əlaqəsi saxladığını, bürodan müsahibənin çap edilməsi ilə bağlı sorğularına “heç bir problem yoxdur və yazı dərc edilə bilər” cavabı verildiyini bildirib.

Beləliklə, fikirləri xülasələşdirsək:

– Bitərəf, ədalətli və tarazlaşdırılmış mövqe nümayiş etdirməli olan məruzəçi cənab Ştrasser Berlində fəal müxalifət qəzetinə verdiyi və 28 və 29 oktyabr 2011-ci ildə nəşr edilmiş müsahibəsində Azərbaycan hökumətini “sanksiyalarla” təhdid edib və “ədalətli və tarazlaşdırılmış” məruzə hazırlamaq üçün Azərbaycana səfəri ərəfəsində bildirib ki, məruzəsi Azərbaycana qarşı olacaq.
– Daha sonra cənab Ştrasser Münster seçicilərinin izlədiyi saytında heç vaxt müsahibə vermədiyini deyərək, müsahibəni təkzib edib və Bundestaq üzvləri və Almaniya ictimaiyyətinə yalan deyib.
– Sonra cənab Ştrasser AŞPA-nın Hüquq Məsələləri Komitəsinin AŞ-nın 47 üzv dövlətinin siyasi məhbuslara dair meyarları işləmək kimi mühüm məsələdə ədalətli və açıq səsverməsi ilə əlaqədar mandatı barədə qərarı icra etməyəcək.
– İndi cənab Ştrasser yanlış olaraq iddia edib ki, Azərbaycan onu Bakıya məruzəçi qismində dəvət etmək istəmir, halbuki Azərbaycanın xoş niyyəti AŞPA-nın Hüquq Məsələləri Komitəsinin Sədrinə ünvanlanan son məktubda aydın görünür.
– İndi cənab Ştrasser öz motivləri və hərəkətləri haqqında faktları və şəffaflığı təmin etmədən, nüfuzlu həmkarları və parlamentariləri ölkəmiz barədə birgə bəyannamə verməyə ruhlandıra bilib. Nəticə etibarilə, o, öz düzgünlük və etibarlılığına zərbə vurub və Bundestaq və AŞPA-da deputat yoldaşlarına xələl gətirib.

Beləliklə, əziz deputat həmkarlarım, dərin hörmət hissi ilə biz bu Birgə Bəyannamədən çox təəssüflənirik, çünki o, tam faktlar və şəffaflıq əsasında sizin mühakimə qabiliyyətinizə əsaslanmayıb.

Yuxarıda qeyd edildiyi kimi, ölkəmizə dair hər zaman gələcək koordinasiya, əməkdaşlıq, səfərlər və bəyanatlara və düzgün və şəffaf məlumata malik olmağınızı təmin etmək məqsədilə bütün sənədlərin təqdimatına şərait yaratmağı təklif etmək istəyirik.

Biz belə düşünürük ki, cənab Ştrasserin yarı həqiqətlər və az miqdarda məlumatı uğurla manipulyasiya etməsi nəticəsi olaraq, onun nüfuzlu Komitənizin bütün faktları əldə etməsi imkanına yol vermədiyi görünür.

Bu mənada, biz sizdən dərin hörmətlə xahiş edirik ki, yuxarıda adı çəkilən Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin qəbul etdiyi bəyanatı nəzərdən keçirib düzəliş edəsiniz və bu məqsədlə bu gün burada hazırladığımız bütün elementləri əsaslandıran tam sənədləşmə ilə sizi təmin etmək təklifimizi təkrarən nəzərinizə çatdırırıq.

Şübhəsiz ki, siyasi insidentlərlə dolu bu vəziyyət belə bir sual yaradır: “Yuxarıda qeyd edilən olaylardan sonra cənab Ştrasser məruzəçi qismində bitərəf arbitr kimi obyektiv mövqe nümayiş etdirə bilərmi və onunla qarşılıqlı etibar əsasında konstruktiv əməkdaşlıq mümkündürmü?”

Eyni zamanda qeyd edilməlidir ki, cənab Ştrasserin qeyri-obyektiv, qərəzli antiazərbaycan mövqe nümayiş etdirməsinə baxmayaraq, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri bu qurumun rəhbərliyinə məktub ünvanlayıb. Məktubda ədalət və bərabərlik naminə tərəflər arasında razılaşdırılacaq tarixdə və gündəlik əsasında iddia edilən siyasi məhbuslar məsələsinin müzakirə edilməsi məqsədilə cənab Ştrasserin 2012-ci il ərzində ölkəyə baş tuta biləcək rəsmi səfərini müzakirə edilməsinə Azərbaycanın hazır olduğunu bildirilib.

Təəssüf hissi ilə bildiririk ki, cənab Ştrasser AŞPA rəhbərliyinə göndərilən məktubdan xəbərdar olmasına baxmayaraq, Avropa parlamentarilərinə reallıqdan uzaq olan məlumatlar verərək, onları aldatmaqla özünün antiazərbaycan fəaliyyətini davam etdirir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO