Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın moderatoru Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev olub. Konfransda millət vəkili Fazil Mustafa, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) təmsilçisi Rəşad Rəsullu, Türkiyə İqtisad və Texnologiya Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin direktoru İhsan Çomak çıxış ediblər.

C. Vəliyev Azərbaycan müstəqilliyini qazandıqdan bəri bütün istiqamətlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ilbəil inkişaf etdiyini vurğulayıb. Dağlıq Qarabağın işğalına toxunan C. Vəliyev bu münaqişənin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib. O, hər iki ölkə diasporlarının bir yerdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət kəsb etdiyinə də diqqət çəkib.

Millət vəkili Fazil Mustafa çıxışında son 20 ildə Türkiyə-Azərbaycan münasibətləri barədə danışaraq bildirib ki, bu münasibətlərdə ən ortaq, ən çox müzakirə olunan, ən çox da birgə hərəkət edilən məqam Dağlıq Qarabağ münaqişəsidir: “Türkiyənin özünün ölkənin cənub-şərq regionu, Şimali Kipr, İraq və Yunanıstanla bağlı problemləri var. Eyni zamanda, Azərbaycanın da Güney Azərbaycandakı soydaşlarımız, oradakı azərbaycanlıların hüquqlarının tanınması, Urmiya gölü ilə bağlı, zaman-zaman Rusiyanın təzyiqlərinə məruz qalmaq kimi problemləri var. Amma Dağlıq Qarabağ problemi iki ölkənin ortaq problemidir. Burada həm strateji müttəfiqlik, həm də qardaşlıq münasibətləri Türkiyə ilə Azərbaycanın bir yerdə hərəkət etməsini mütləqləşdirir”.

Dağlıq Qarabağ problemi ətrafında son vaxtlar aparılan danışıqlardan, görülən işlərdən bəhs edən F. Mustafa bu məsələdə Azərbaycana qarşılıqsız dəstək verən yeganə ölkənin Türkiyə olduğunu deyib. Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşmasına diqqət çəkən millət vəkili bunun Azərbaycanın da maraqlarını ifadə etdiyini bildirib: “Türkiyənin Rusiya ilə yaxınlaşması Qarabağ probleminin həllinə də yardım edə bilər”.

F. Mustafa Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi əlaqələrin gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürüb. O qeyd edib ki, İzmirdə keçirilmiş tədbir, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırması önəmli məqamdır.
Konfransda çıxış edən Vüsalə Mahirqızı isə Azərbaycan və Türkiyə arasında media sahəsində əlaqələrdən danışıb. Azərbaycan müstəqilliyini qazanarkən ölkəyə ilk olaraq Türkiyə mediasının gəldiyini deyən V. Mahirqızı bu gün iki ölkənin media qurumları arasında daha sıx əməkdaşlığa ehtiyac duyulduğunu bildirib: “1990-cı ilin 20 Yanvar faciəsini Türkiyənin “Zaman” qəzeti manşetdən duyurmuşdu, TRT xəbər vermişdi. Azərbaycana ilk gələn xarici media quruluşları da elə bu qurumlar oldular”.
Azərbaycan və Türkiyə mediası arasındakı münasibətlərin müstəqilliyin ilk illərində daha çox duyğusal notlar üzərində qurulduğunu xatırladan V. Mahirqızı bildirib ki, 1993-cü ildən etibarən hər iki ölkənin mediası daha çox iqtisadi sahələrdəki əməkdaşlıqdan yazıb. Çünki iki ölkə arasında münasibətlər daha çox iqtisadi sahəni əhatə edib. Onun sözlərinə görə, 2009-cu ildə hər iki ölkənin mediası qarşılıqlı siyasi müzakirələr və gərginliklər yaşayıb: “İki ölkə arasında sərhəd problemi, Dağlıq Qarabağ və uydurma “erməni soyqırımı” ilə bağlı müzakirələr medianı yenidən siyasi mövzulara cəlb edib. Bu, həm də iki ölkə mediası arasında diskussiyaların vacibliyini ortaya qoydu. Son iki ildə əvvəlcə Türkiyədə, bu il isə Azərbaycanda türkdilli ölkələrin və topluluqların forumu keçirildi və konfederasiya yaradıldı. Bu isə medianın hər il toplaşması, çatışmazlıqlar barədə mütəmadi müzakirə aparması və xəbərləşməsi üçün yaxşı vasitədir”.

V. Mahirqızı iki ölkənin media quruluşları arasında müqavilələr olduğunu, lakin bunun hələ yetərli olmadığını, Türkiyənin xəbər gündəmində Azərbaycanın indiki məqamda o qədər də sıx yer almadığına təəssüfləndiyini bildirib.
Türkiyə İqtisad və Texnologiya Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin direktoru İhsan Çomak isə Türkiyənin bölgədəki roluna toxunub. O, Türkiyənin Ermənistanla yaxınlaşma siyasətinin bu ölkəni Rusiyanın nüfuz dairəsindən çıxarmağa hesablandığını qeyd edib. Uydurma “erməni soyqırımı” iddialarına toxunan ekspert xatırladıb ki, 2015-ci ildə bu iddiaların ortaya atılmasının 100 illiyidir: “Məncə, Azərbaycan və Türkiyə buna qədər problemin həllinə çalışmalıdır. Çünki 100 illik ərəfəsində bu problemi həll etmək çətin olacaq, ermənilər özlərinin “məzlum” obrazını yaratmaq üçün indidən hazırlıqlara başlayıblar”.

ATİB-in təmsilçisi Rəşad Rəsullu isə iki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan və bu əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsi hazırda 1,5 milyard dollardır. Bunun o qədər də böyük rəqəm olmadığını söyləyən ekspert deyib ki, Azərbaycanın qeyri-neft sektoruna qoyulan xarici sərmayələrdə birincilik Türkiyəyə məxsusdur. O, hazırda Azərbaycanda 1800 Türkiyə sərmayəli şirkətin qeydiyyatdan keçdiyini, bu şirkətlərin ölkəyə 6 milyard dollarlıq yatırımları olduğunu açıqlayıb. Türkiyədə isə Azərbaycan şirkətlərinin 4,5 milyard dollarlıq yatırımı olduğunu nəzərə çatdıran R. Rəsullu, Türkiyədə 850 Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini deyib.

R. Rəsullu neft və qaz sektorundakı birgə əməkdaşlığın perspektivinə də toxunub. O, iki ölkə arasında əlaqələri inkişafı üçün bəzi problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Moderator Cavid Vəliyev iki ölkə arasındakı münasibətlərə bir daha nəzər salaraq münasibətlərin bütün sektorlar üzrə inkişafı üçün iş aparıldığını bəyan edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO