Azərbaycan nümayəndə heyəti AŞPA-nın Daimi Komitəsinin iclasından qayıdıb

Azərbaycan nümayəndə heyəti AŞPA-nın Daimi Komitəsinin iclasından qayıdıb Noyabrın 24-25-də Şotlandiyanın Edinburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilib. İclasda ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edib. Bu barədə məlumat verən nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova bildirib ki, iclasda Bolqarıstan və Qırğızıstanda prezident seçkilərinin, Tunisdə parlament seçkilərinin nəticələri, əsas insan hüquq və azadlıqlarının vəziyyəti, kölgə iqtisadiyyatının demokratiya və qanunun aliliyinə yaratdığı təhlükə, silahlı münaqişələrin ətraf mühitə təsiri, qadınlara qarşı psixoloji və məişət zorakılığı, dini xarakterli ayrı-seçkilik formaları ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri bu məsələlərlə bağlı çıxışlar edib və keçirilən müzakirələrdə fəal iştirak ediblər. Daimi komitənin iclaslarının sessiyalararası dövrlərdə keçirildiyini xatırladan S.Qafarovanın fikrincə, komitə iclasları AŞ PA sessiyasının növbəti gündəliyinin və müzakirəyə çıxarılacaq məsələlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Sahibə Qafarova Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi həm də ölkəmizi bu qurumun «Kişi və qadınlar üçün bərabər imkanlar» Komitəsində təmsil edir. S.Qafarova Daimi Komitənin iclasında «Kişi və qadınlar üçün bərabər imkanlar» Komitəsinin adından müzakirə olunan məsələlərlə bağlı məruzə ilə çıxış edib və onun təklif etdiyi müvafiq düzəlişlər nəzərə alınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO