Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularına həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin əsas məqsədinin QHT-lərin təkliflərinin dinlənilməsi olduğunu vurğulayıb: “Ötən il Şura təxminən 352 layihəyə dəstək verib. Bu layihələrin maliyyələşməsinə verilən dəstək Şuraya ayrılan vəsaitə uyğun aparılır. Ədliyyə Nazirliyindən verilən məlumata görə, ötən ilölkədə fəaliyyət göstərən QHT-lərə, ümumilikdə, 30 milyon manat qrant verilib. Həmin vəsaitin cəmi 2 milyon manatını (7 faizini) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ayırıb. Şuraya ayırlan vəsaitin artırılması üçün Maliyyə Nazirliyinə də müraciət edilib. Əgər Şuraya ayrılan vəsaitin miqdarı artırılarsa, layihələrin maliyyələşdirilməsinə verilən vəsait də artacaq. Dövlət tərəfindən ayrılan vəsait çox olacağı təqdirdə yüksək tutumlu layihələrin işlənilməsi dəstəklənəcək. Belə olan halda ciddi nəticələrə nail olmaq olar. İndiki halda ayrılan vəsait elə bölünməlidir ki, hamı olmasa da, daha çox ehtiyacı olanlar da faydalana bilsin. Gələn il ölkədə «Sosial sifariş haqqında» qanun layihəsinin qəbul olunması gözlənilir. Bu qanunun qəbulundan sonra QHT-lərə dəstəyin göstərilməsi üçün imkanlar artacaq».
Daha sonra müsabiqəyə təqdim olunan mövzular müzakirə olunub. Müzakirələrdə müasir dövrün tələblərinə uyğun layihələrin işlənməsi təklif edilib. Sonda QHT-lər tərəfindən ictimai əhəmiyyət kəsb edən müəyyən təkliflər irəli sürülüb.