«Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfəri qurumun bu regionda, xüsusilə dondurulmuş münaqişələrin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamaq istəyini sübut edir».
Bu fikirləri Euronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin Bolqarıstanın «Focus» agentliyinə müsahibəsində deyib. Həmsədr bildirib ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir, gərgin atmosfer yaratmaqda davam edir: «Bu münaqişənin nizamlanmasında cüzi tərəqqi əldə olunub. Mənə elə gəlir ki, Avropa Birliyinin daha istəkli səyləri situasiyanı dəyişə bilər». Kristian Vigenin ötən həftə Ermənistana səfər edib. Səfər zamanı əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi olub. Onun sözlərinə görə, səfərin nəticələri barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eştona Cənubi Qafqaza getməzdən əvvəl məlumat verəcək.
Xatırladaq ki, Ketrin Eşton 15-17 noyabr tarixlərində Cənubi Qafqaz regionuna səfər edəcək. O, noyabrın 15-də Azərbaycanda, noyabrın 16-da Gürcüstanda, səfərin son günü isə Ermənistanda olacaq.