Qızların erkən ərə verilməsi halları respublikamız müstəqillik qazandıqdan sonra daha da artıb. Əgər əvvəllər bu hallara daha çox cənub bölgəsində və Bakı kəndlərində rast gəlinirdisə, indi erkən nikah bütün bölgələr üçün dəb halını alıb. Uzun müddət yetkinlik yaşına çatmamış qızların taleyi, tibbi və psixoloji cəhətdən ailə həyatına nə dərəcədə hazır olub-olmaması heç kimi narahat etməyib. İndiyədək qızların nikah yaşı 17 olsa da, müstəsna hallarda 16 yaşda da nigaha girməyə icazə verilib. Amma 16 yaşdan aşağı olanların da nigaha girmə halları olub. Xüsusən, ucqar bölgələrdə azyaşlılar ərə verili və bu nigahlar yalnız molla kəbini ilə rəsmiləşdirilirdi. Hər il erkən nikaha girənlərin yaş həddi aşağı düşür. Nəticədə belə nigahlardan olan uşaqlardan təxminən 38-40 faizi qeyri-qanuni doğulur. Onlardan yalnız 12-14 faizinə ataları öz soyadlarını verirlər. Təxminən 26 faiz uşaq isə analarının soyadlarını daşıyırlar. Amma hazırda respublikamızda qızların nigah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılması nəzərdə tutulur. Artıq məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrində müzakirə edilib. Bu isə Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilməsindən sonra mümkün olacaq. Həmçinin Cinayət Məcəlləsində olan qanuna dəyişiklər də müzakirə olunub. Belə ki, qadını nigaha məcburetmə əməlinə görə 2000 manatdan 3000 manatadək və ya 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev azyaşlıların ərə verilməsi ilə bağlı cəzaların sərtləşdirilməsinin müsbət nəticə verəcəyini bildirir: «Qanunda nigah yaşından aşağı yaşda evlənmələrə qarşı inzibati tədbirlər görülməsi öz əksini tapacaq. Hətta cinayət məsuliyyəti də nəzərdə tutulur. Azyaşlı ərə verilən qızların valideynləri, onların yaşadığı ərazinin bələdiyyəsi, yerli icra orqanı, təhsil aldığı məktəbin rəhbəri məsuliyyət daşımalıdır. Cəmiyyətin özü də bu problemin həllinə maraqlı olmalıdır. Kütləvi informasiya vasitələrində bu məsələlərlə bağlı maarifləndirmə tədbirləri aparılmalıdır. İnsanların özləri başa düşməlidir ki, qızlar təhsil almalı, özlərinə çörək pulu qazanmalı sonra ərə getməlidir. Gender balansınını qorunması üçün bunlar mütləq lazımdır. Qadınları mətbəxdə saxlamaqla cəmiyyətdə inkişaf olmayacaq».
Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, bu cür halların qarşısının alınması üçün Azərbaycan qanunvericiliyindəki müddəalar yetərlidir: «Qızların erkən ərə verilməsi halları ictimai münasibətlər fonunda yaranan problemdir. Əlbəttə, hər hansı bir məsələ problem səviyyəsinə çatırsa, bununla bağlı tədbir görmək lazım gəlir. Bununla bağlı cəzaların sərtləşdirilməsi müəyyən qədər nəticə verə bilər».
Əslində mövcud qanunvericiliyə görə də az yaşlı qızla evlənmək özü cinayətdir. Yetkinlik yaşına çatmayanların seksul münasibətlərə təhrik edilməsinə görə, 2 ildən 3 illədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Odur ki, bəzən bu məsuliyyətdən yaxa qutarmaq üçün dini kəbinlə cinayəti pərdələyirlər. Cəmiyyətdə yaxşı qarşılanmayacaqlarından qorxan gənc qızlar isə susmağa məcbur olurlar. Onlar əksər hallarda hüquqlarını bilmədiyindən ən ağır durumda küçəyə atılanda da dövlət orqanlarına şikayət etmirlər. Buna səbəb bir tərəfdən onların rəsmi nigahlarının olmamasıdırsa, digər səbəb şikayət edən qadınlara cəmiyyətin pis münasibət göstərməsidir. Nəticədə, qadının ona «pis gözlə baxıldığından» qorxması belə problemlərin əsl mahiyyətinin ört-basdır edilməsinə səbəb olur. Odur ki, qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə tədbirləri də gücləndirilməlidir.