Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında cümə günü 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb.
İclasın gündəliyində “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri var.
İclasda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar qazanılıb.
Onun sözlərinə görə, dövlət büdcəsinin icrası şəffaf və məqsədyönlü şəkildə həyata keçirilib. Muradova bildirib ki, 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımlar öz əksini tapacaq.
İclasda DSMF-nin sədri Səlim Müslümov büdcə layihəsinin ayrı-ayrı bəndləri barədə məlumat verib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclas zamanı gələcək illərdə sığorta olunanların uşaqlarının düşərgələrdə istirahətinin təşkilinə fikir verilməsinin vacibliyini vurğulayıb.