BİQ-in 02.11.2011 il tarixli mətbuat konfransının bəyanatı

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun 2 noyabr 2011-ci il tarixli növbəti iclasında qəbul edilmiş bəyanatı.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) üzvləri 2 noyabr 2011-ci il tarixdə keçirilmiş növbəti iclasında
a) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında 1 noyabr 2011-ci ildə aparılmış monitorinqin nəticələri

b) cari ilin oktyabr ayında bir sıra internet saytlarında “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanmasına dair yayılmış məlumatlarla
bağlı müzakirələr aparmışdır.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların İmplementasiyası üzrə Birgə İşçi Qrupunun üzvləri:
– Azərbaycanın 10 ildən artıqdır ki, Avropa Şurasının bərabərhüquqlu üzv olmasını bilərək;
– Azərbaycanın 2011-ci ilin 29-30 sentyabr tarixlərdə Avropa İttifaqının Varşavada keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində Şərqi Avropa ölkəsi statusuna layiq görülməsini ölkədə müstəqillik dövründə müxtəlif sahələrdə (demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqları və əsas azadlıqların təmin edilməsi, bazar iqtisadiyyatı və s.) həyata keçirilmiş islahatların təqdir edilməsi və dəstəklənməsi kimi anlayaraq;
– dövlətlərin beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti olmasını, dövlət suverenliyinə hörmət edilməsinin və onun daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyinin müasir beynəlxalq hüququn imperativ prinsipləri kimi tanınmasını diqqətə çatdıraraq;
– hüququn aliliyinin, üzv dövlətlərin bərabər hüquqa malik olmasının və onlara qarşı hər hansı ayrıseçkiliyin yolverilməzliyinin Avropa Şurasının əsas prinsipləri olmasını təsdiqləyərək;
– Avropa Şurasının hər hansı üzv dövlətinin müxtəlif məsələlərlə bağlı digər üzv dövlətin daxili işlərinə müdaxilə etməsinin qəbuledilməz olduğunu və dövlətlərin belə məsələləri yalnız Avropa Şurası səviyyəsində müzakirələrə çıxarılması hüququna malik olduğunu başa düşərək;
– nə universal, nə də regional beynəlxalq təşkilatlar tərəfindən indiyədək “siyasi məhbus” anlayışını özündə əks etdirən sənədlərin qəbul edilməməsini, ümümiyyətlə, beynəlxalq hüquqda bu anlayışın müəyyən edilmədiyini vurğulayaraq;
– qərarları presedent hüququna malik olan beynəlxalq məhkəmələrin, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşdırılmış İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz praktikalarında və qərarlarında “siyasi məhbus” anlayışından istifadə etmədiklərini nəzərə alaraq,

Norveç Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair sazişin imzalaması haqqında aşağıdakıları bildirməyi vacib hesab edir:

1. BMT-nin müxtəlif qurumları tərəfindən indiyədək “siyasi məhbus” anlayışı və onun meyarları ilə bağlı hər hansı bir konvensiya, qətnamə və ya digər sənəd qəbul edilməyib.
2. AŞPA-nın plenar iclaslarında indiyədək siyasi məhbus məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil edilə biləcək heç bir hüquqi sənəd qəbul edilməyib. Avropa Şurasının “siyasi məhbus” anlayışının meyarlarının guya olması barədə AŞPA-nın “Azərbaycanda siyasi məhbus” adlı 1272(2002) saylı qətnamsinə konkret bir ölkəyə şamil edilmir və hər bir ölkəyə şamil edilə biləcək ümümi anlayış mövcud deyildir.
3. AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci il tarixli iclasında “Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması” adlı məruzənin adının dəyişdirilərək, “AŞ üzv dövlətlərdə siyasi məhbus probleminin araşdırılması” adlandırılması barədə qərar qəbul etməsi indiyədək “siyasi məhbus” anlayışının bütün üzv dövlətlərə tətbiq edilə biləcək meyarların olmaması faktının Avropa Şurası strukturlarında etiraf edilməsini sübuta yetirir.
4. Avropanın inkişaf etmiş dövlətlərindən biri olan və Avropa Şurasının aktiv üzvlərindən biri kimi demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi sahəsində vacib rol oynayan Norveç Krallığının rəsmi dövlət qurumlarının Avropa Şurasına üzv olan digər bir dövlətdə – Azərbaycan Respublikasında ¬– həyata keçiriləcək belə bir şübhə doğuran layihəni imzalaması və ona maliyyə dəstəyi ayırması təəssüf doğurur. Belə ki, Norveç Xarici İşlər Nazirliyi Avropa Şurasının və BMT-nin “siyasi məhbus” anlayışının ümumqəbul edilmiş meyarlarının olmamasından xəbərsiz ola bilməz.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların
Təsbiti üzrə Birgə İşçi Qrupu,
Bakı, 2 noyabr 2011-ci il

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO