Milli Məclis insan alverinə dair hesabatı qəbul etdi

İclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini general Vilayət Eyvazovun hesabatı dinlənilib.

V.Eyvazov bildirib ki, bu ilin ötən 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. Belə cinayətlər törətmiş 17 nəfər saxlanılıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfərin axtarışı davam etdirilir.

Hesabat dövründə «Qaynar xətt» telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olub.

V.Eyvazov daha sonra bildirib: “Araşdırmalar göstərir ki, Azərbaycan müvafiq qurbanlar üçün əsasən mənbə ölkəsidir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, daha 2 nəfəri Rusiyaya aparılıb. Müəyyən edilmiş 27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara qalan qurbanlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub. Bu müddətdə insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib».

Sonra Milli Məclisdə hesabatla bağlı müzakirələr olub. Müzakirələrin yekununda 99 səs lehinə olmaqla hesabat Milli Məclis tərəfindən qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO