Seçicilərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub

Daxili işlər naziri Ramil Usubov ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Enn Dörsi ilə görüşdə deyib ki, seçki hüququna malik vətəndaşların 98,9 faizi şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ramil Usubov səfirə oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər və polisin qarşısında duran vəzifələr barədə məlumat verib.
Qeyd olunub ki, Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri nəzərə alınmaqla, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə prezidentinin müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Xətalar və Mülki Prosessual məcəllələrinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edilib. Bütün bunlar Daxili İşlər Nazirliyi tərəfindən nəzərə alınıb. ATƏT-in Bakı ofisinin dəstəyi ilə Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi ilə birlikdə “Polis işçilərinin toplaşmaq azadlığı üzrə maarifləndirilməsi” mövzusunda zonalar üzrə bir sıra tədbirlər həyata keçirilib. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran və Qazax şəhər-rayon polis orqanlarının bazasında media, yerli icra hakimiyyəti nümayəndələrinin və polis əməkdaşlarının iştirakı ilə sərbəst toplaşmaq azadlığı, polisin hüquq və vəzifələri, icazəsiz kütləvi etiraz aksiyalarının qarşısının alınması, kütləvi aksiyalar zamanı polisin hərəkətləri, icazəsiz kütləvi aksiyaların dağıdılması zamanı istifadə olunan xüsusi vasitələrlə bağlı seminar məşğələləri keçirilib. Bakı şəhərində ATƏT-in əlaqələndiriciliyi, ABŞ, Fransa, Türkiyə, Almaniya, Macarıstan dövlətlərinin iştirakı və maliyyə dəstəyi ilə keçirilmiş təlim kurslarında 500-dək polis əməkdaşı və Daxili Qoşunların 1500 hərbi qulluqçusu iştirak edib. Daha sonra səfirə prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə nazirlik tərəfindən xüsusi Tədbirlər Planının hazırlanması və icra olunması üçün şəhər-rayon polis orqanlarına göndərilməsi barədə məlumat verilib. Seçkilərlə bağlı vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərdən danışan nazir bildirib ki, seçki hüququna malik olan 18 yaşdan yuxarı 4.849.000 (dörd milyon səkkiz yüz qırx doqquz min) nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub ki, bu da həmin kateqoriyadan olan əhalinin 98,9 faizini təşkil edir.
Səfir Enn Dörsi ətraflı məlumata və təhlükəsizliyin təminatı baxımından aparılan işlərə görə minnətdarlığını bildirib, ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün daha artıq səylər göstərəcəyini söyləyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO