Əli Hüseynli qeyd edib ki, qadınların nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşəri dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti addımdır.
Millət vəkili Rövşən Rzayev bu halların daha çox ölkənin regionlarında baş verdiyini deyərək, daha sərt cəzaların qəbul olunmasının tərəfdarı olduğunu bildirib.
Deputat Rəfael Cəbrayılov çıxışında Cinayət Məcəlləsində tək qadınları deyil, kişiləri də məcburi nikaha daxil etməyə görə məsuliyyət nəzərdə tutulmasını təklif edib.
“16 yaşlı oğlanın 30 yaşlı qadınla evləndirildiyinin şahidi olmuşam”, – o deyib.
Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, yalnız nikaha məcbur etməyə görə deyil, ümumiyyətlə, razılıq olsa belə, erkən nikaha cəlb olunmaya görə də cəza tətbiq olunmalıdır.
Deputat Fəzail Ağamalı deyib ki, bir çox hallarda həddi-buluğa çatmamış şəxslər ailə həyatı qurur və yalnız nikah yaşı tamam olduqdan sonra rəsmi nikaha daxil olurlar.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclasda qeyd edib ki, Azərbaycanda ötən il 155 min uşaq anadan olub, onlardan 29 mini qeyri-rəsmi nikahdan doğulub.
“Qanuna belə dəyişiklik edilməsində məqsəd cəmiyyətə çağırış etməklə, bu cür halların qarşısının alınmasıdır”, – Rəcəbli deyib.
Milli Məclisin şöbə müdiri Samir Cəfərov təkliflərə münasibət bildirərək qeyd edib ki, təklif olunan maliyyə sanksiyalarının həcmi bu gün üçün optimaldır.
“Dəyişikliyin yalnız qadınlara aid edilməsi Azərbaycanda qadın hüquqlarının xüsusi yer tutduğunu göstərir”, – o deyib.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunması təklif edilir.
Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.