Azay Quliyev: Azərbaycanda QHT fəaliyyəti ilə bağlı yeni qanun layihələri hazırlanır

Bunu Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, bunlar “Peşə birlikləri haqqında”, “Korporativ sosial məsuliyyət haqqında”, “Sosial sifariş haqqında”, “İctimai iştirakçılıq haqqında” yeni qanun layihələridir.

Qanun layihələrinin mahiyyətini açıqlayan Quliyev deyib ki, “Peşə birlikləri haqqında” qanun peşə birliklərinin fəaliyyətini tənzimləyəcək.

“Baxmayaraq ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla bu məsələ tənzimlənir, peşə birliklərinin ayrıca qanunla öz fəaliyyətlərini qurmasına ehtiyac var”, – Quliyev deyib.
Şura sədri “Sosial sifariş haqqında” qanun layihəsi barədə deyib ki, bu gün QHT-lərin hökumətlə əməkdaşlığı yalnız dövlət büdcəsindən ayrılan qrantlarla qurulur. “Lakin beynəlxalq təcrübəyə görə, hökumət, özəl sektor, bələdiyyələr QHT-lərə sosial sifarişlər verə bilər. Yəni maliyyə vəsaiti qrant müsabiqəsi yolu ilə deyil, birbaşa sifarişlərlə verilə bilər”, – o əlavə edib.
Quliyev qeyd edib ki, QHT-lər digər qurumlardan fərqli olaraq həm çevikliyi, həm müəyyən layihənin həyata keçirilməsinə az vəsait xərcləməsi ilə fərqlənir.

“Korporativ sosial məsuliyyət haqqında” qanun hər hansı bir məsələ ilə bağlı QHT, hökumət və özəl sektoru təmsil edən qurumların effektiv əməkdaşlığını təmin etməyə yönələcək.
“Azərbaycanda bu gün fəaliyyət göstərən transmilli və ya yerli şirkətlər qanunvericiliklə və ya beynəlxalq konvensiyalarla, imzalanmış müqavilələrlə üzərlərinə çox ciddi sosial öhdəliklər götürürlər. Amma təəssüflər olsun ki, bu öhdəlikləri ya yerinə yetirmirlər, ya da başdan sovdu yerinə yetirirlər. Nəticədə sosial məsuliyyətin bölüşdürülməməsi baş verir və bu da ciddi problemlər ortaya çıxarır”, – Quliyev deyib.

Onun sözlərinə görə, biznes qurumu yalnız mənfəət dalınca qaçmamalı, eyni zamanda cəmiyyət qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti lazımı səviyyədə yerinə yetirməlidir. Şura sədri vurğulayıb ki, “Korporativ sosial məsuliyyət haqqında” qanunun qəbul edilməsi bu xarakterli məsələlərin nizamlanması üçün çox vacibdir. “Bu həm də vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında birgə əməkdaşlığı genişləndirmək, vətəndaş cəmiyyətinin inkişafına özəl sektor tərəfindən yönəldilən sərmayəni artırmaq baxımdan vacibdir”, – o deyib.

“İctimai iştirakçılıq haqqında” qanun layihəsi ilə bağlı Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutlarının əsas vəzifələrdən biri ictimai nəzarəti həyata keçirməkdir, ümummilli proqramların həyata keçirilməsində fəal iştirakdır.
“Yoxsulluğun azaldılması, iqtisadi inkişaf, insan haqlarının müdafiəsi və digər bu kimi dövlət proqramlarının vətəndaşların iştirakı olmadan hazırlanması və həyata keçirilməsi natamam olar. Belə bir fəaliyyətin isə qanunvericiliklə tənzimlənməsinə ehtiyac yaranır” – millət vəkili vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda vətəndaş nəzarətinin gücləndirilməsi ilə bağlı çox ciddi bəyanatları oldu. “Prezident İlham Əliyev korrupsiya ilə mübarizə, neqativ halların aradan qaldırılması və digər problemlərinin həlli ilə bağlı tək dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin iştirakının vacibliyini vurğuladı”, – Quliyev deyib və qeyd edib ki, “İctimai iştirakçılıq haqqında” qanunun qəbul olunması ictimai nəzarəti genişləndirə bilər.
Onun sözlərinə görə, qanun layihələrinin hazırlanması ilə bağlı yaradılan işçi qrup hazırda beynəlxalq təcrübəni, eyni zamanda Azərbaycanda mövcud reallıqları öyrənir, əlaqədar təşkilatlarla görüşlər keçirir.

Millət vəkili qanun layihələrinin ilkin variantının bu il sentyabrın sonu – oktyabra hazır olacağının bildirib.
“Hazırlanacaq qanun layihələri Milli Məclisdə qəbul olunarsa, bu sahədəki bir çox boşluqlar aradan qaldırmış olar. Bu layihələr Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edə bilər”, – Quliyev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO