Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq üzrə Komitəsinin iclası keçirilib

Bu barədə iclasın yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan tərəfdən Komitənin həmsədri, vitse-spiker Valeh Ələsgərov bildirib. Görüşdə əməkdaşlığın bütün sahələrinə toxunulduğunu deyən V. Ələsgərov iqtisadi, sosial sahələrdə islahatlar, Qarabağ probleminin həlli, mütəşəkkil cinayətkarlıq, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi, çirkli pulların yuyulması və s. məsələlərin müzakirə olunduğunu qeyd edib.

«Müzakirələr konstruktiv keçdi. Müzakirələrin nəticəsi olaraq gələcək fəaliyyətimiz barədə qərarlar qəbul olundu. Azərbaycan tərəfi xahiş etdi ki, görüşlər ildə bir dəfə deyil, daha intensiv keçirilsin. Biz istərdik ki, qanunvericilik sahəsində də əməkdaşlıq edək», – deyə vitse-spiker vurğulayıb.

Avropa İttifaqı tərəfdən həmsədr Milan Kabrnok isə bildirib ki, sonuncu görüş 2009-cu ildə keçirilib. Bundan sonra bir sıra yeniliklər olub. Azərbaycanda parlament seçkiləri keçirilib, “Avronest” Assambleyası yaradılıb: «Biz Azərbaycanın dinamik və sürətlə inkişaf etməsini yüksək qiymətləndiririk».

O, nümayəndə heyətində Avropa Parlamentinin əsas aparıcı partiyaların nümayəndələrinin təmsil olunduğunu deyib. M. Kabrnok insan haqları məsələsini müzakirə etdiklərimi vurğulayıb: “Biz Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnunluğumuzu ifadə etdik. Həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı çıxarılan son qətnaməsi ilə bağlı da diskussiyalar keçirdik, Azərbaycan tərəfinin bu qətnamə ilə bağlı fikirlərini dinlədik. Enerji sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz bu sahədə təhlükəsizlik və diversifikasiyaya üstünlük veririk».

M. Kabrnok deyib ki, Avropa Parlamenti Avropa İttifaqı və Azərbaycan arasında assosiasiya sazişinə böyük önəm verir. Azərbaycanın Avropa İttifaqına üzvlüyü isə hələ gündəmdə deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO