“Seçki-2008” QHT Koalisiyası prezident seçkilərində ölkə üzrə 59 seçki dairəsində monitorinq aparacaq”. Bu açıqlamanı APA-ya koalisiyada təmsil olunan “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi verib. V. Qazi bildirib ki, koalisiya “exit-poll” keçirməyəcək, ancaq 59 dairə üzrə 1500-ə yaxın seçki məntəqəsində monitorinq aparacaq. Monitorinqə hazırlıq işi isə yaxınlarda yekunlaşacaq. Onun sözlərinə görə, ABŞ Respublikaçılar İnstitutu tərəfindən aparılan treninqlərdə 1500-dən artıq şəxs iştirak edib. V. Qazinin sözlərinə görə, monitorinqlərdə beynəlxalq təşkilatların bilavasitə iştirakı olmayacaq: “Seçki zamanı monitorinqlərin aparılması seçkinin şəffaflığının təminatı baxımından əhəmiyyətlidir. Müşahidəçilik missiyası qarşılıqlı ittihamlara aydınlıq gətirilməsi üçün arbitr rolunu oynayır”. V. Qazı bu seçkidə müşahidəçilərin sayının çoxluğunu müsbət qiymətləndirib: “Müşahidəçilərin sayı ilə bağlı MSK-nın açıqladığı rəqəmlər bu missiyanın fəaliyyətinin zəruriliyini göstərir”. Mərkəz rəhbəri monitorinqin nəticəsinin oktyabrın 16-da günorta saatlarında açıqlanacağını söyləyib.