Azərbaycan parlamenti daha bir beynəlxalq qaz kontraktını ratifikasiya edib

Azərbaycan parlamenti daha bir beynəlxalq qaz kontraktını ratifikasiya edib Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, “BP Exploration Ltd.” və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bu qanun qüvvəyə mindikdən sonra podratçının saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər onun qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Xatırladaq ki, ARDNŞ və BP şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri” razılaşdırılıb və imzalanıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən, “BP Exploration Caspian Sea” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50% paya malikdir.

“Şəfəq-Asiman” bloku Bakıdan 125 km cənub-şərqdə yerləşir və 110 kv. km ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir. Kollektorun dərinliyi təxminən 7000 metrdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO