Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Vəkillər kollegiyalarının rəhbər şəxslərinin görüşü keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşün sonunda tərəflər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəddə hüquqşünaslar arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması, həyata keçirilməsi, təcrübə mübadiləsi və s. məsələlər nəzərdə tutulur.Görüşdə Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edən ölkələr arasında hüquqi yardımın həyata keçirilməsi, vəkilik institutlarının inkişafı, Vəkillər kollegiyaları arasında birgə əməkdaşlıq, qarşılıqlı hüquqi yardımın göstərilməsi, insan hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyin öyrənilməsi, təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunub.Gələcəkdə hər üç ölkənin Vəkillər kollegiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub. Tədbirdə çıxış edən Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə insan hüquqlarının müdafiəsi, vəkillik institutunun inkişafı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bununla bağlı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı xüsusi qeyd edib. Bildirib ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bu Sərəncam hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədi daşıyır. A.Bağırov jurnalistlərə müsahibəsində deyib: “Tədbirdə bu sərəncamdan irəli gələn məsələlər, eləcə də, Azərbaycanda hüquqi yardım institutunun dövlət dəstəyi hesabına inkişafı barədə əlavə tədbirlər haqqında məlumat böyük maraqla qarşılanıb. Görüş iştirakçıları Azərbaycanda vəkillik fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər”. Onun sözlərinə görə, toplantıda Türkiyə və Gürcüstanda yaşayan, işləyən azərbaycanlıların, diaspor fəallarının hüquqlarının müdafiəsi ilə bağlı birgə tədbirlərin görülməsi istiqamətində də razılıq əldə olunub. A.Bağırov vildirib ki, Rusiya Federasiyasının təmsilçiləri də Türkdilli Ölkələrin Vəkillər Qurumları Birliyində iştirak barədə müraciət edib. “Hesab edirəm ki, bu da Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yeni imkanlar açacaq”, – A.Bağırov vurğulayıb. Türkiyə Vəkillər Kollegiyasının sədri Metin Feyzioğlu isə bildirib ki, Türkdilli Ölkələrin Vəkillər Qurumları Birliyinin yaranmasında Azərbaycan Vəkillər Kollegiyasının böyük rolu var: “Bu birlik iş adamları, sadə vətəndaşlar və diaspor təşkilatlarının xarici ölkələrdə hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Bizim təşkilatımız çox böyük bir coğrafiyanı əhatə edir. Bugünkü görüşdə Azərbaycan Vəkillər Kollegiyası sədrinin çıxışını dinlədik. Bu gün regionumuzda Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələr həyata keçirilir. Bu layihələrə küllü miqdarda sərmayə qoyulub. Bizim birlik səhmdarların və sərmayədarların hüquqlarının qorunmasında da mühüm rol oynayacaq. Təbii ki, bu işdə bizim Azərbaycan və digər ölkələrin təcrübəsinə, birgə əməkdaşlağa böyük ehtiyacımız var”.