Elxan Süleymanov: “Bu Avropa təsisatı Azərbaycan üçün yeni bir tribuna olmaqla yanaşı, ölkəmizin mənafeyi baxımından maraq kəsb edən məsələlərin beynəlxalq səviyyədə müzakirəsinə də imkanlar açır”.
Mayın 2-3-də Brüsseldə təsis yığıncağı keçirilən EURONEST Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Elxan Süleymanovun müsahibəsi.
– Əvvəlcə EURONEST Parlament Assambleyası haqqında ətraflı məlumat verməyinizi istərdik.
– Avropa İttifaqı xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixdə Brüsseldə keçirilmiş iclasında Polşa və İsveç Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələrlə (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) əməkdaşlığın vahid formatının təsis edilməsini nəzərdə tutan “Şərq tərəfdaşlığı” (ŞT) təşəbbüsü ilə çıxış ediblər. ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd 3 dekabr 2008-ci il tarixdə Avropa Komissiyası tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət başçıları Şurasına təqdim olunub. Bu iki sənəd Şərq tərəfdaşlığına dair Avropa Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək tərəfdaş ölkələrlə gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib. Şərq tərəfdaşlığı üzrə 7 may 2009-cu il tarixində Praqada keçirilmiş zirvə görüşündə qeyd edilən təşəbbüsün əsas məqsədləri və prinsiplərini, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi parametrlərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da şərq tərəfdaşlığı prosesinə yüksək səviyyədə rəsmi start verilib.
Qeyd etməliyəm ki, şərq tərəfdaşlığı prosesi çərçivəsində bir tərəfdən Avropa Parlamentinin nümayəndələrindən, digər tərəfdən isə tərəfdaş ölkələrin parlamentlərinin nümayəndələrindən ibarət olan və Avropa Parlamentinin bir qurumu kimi fəaliyyət göstərəcək Parlament Assambleyasının yaradılması da nəzərdə tutulmuşdu və bu qurum EURONEST Parlament Assambleyası adlandırılmışdı. Odur ki, EURONEST Parlament Assambleyası Avropa İttifaqı ilə şərqdəki tərəfdaşlar arasında yaradılmış birgə assambleyadır. Bu təsisatın qarşılıqlı maraqlar və öhdəliklər, eləcə də differensiasiya, bölüşdürülmüş mülkiyyət və məsuliyyət prinsipləri əsasında yaradılması və fəaliyyət göstərməsi nəzərdə tutulub.
– EURONEST PA-nın strukturu necə formalaşdı?
– 3 may tarixində Avropa Parlamentinin spikeri Yeji Buzekin iştirakı ilə EURONEST Parlament Assambleyasının təsis konfransı keçirildi. Konfransda müzakirələr zamanı Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov ətraflı çıxış etdi. Çıxış zamanı o, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək münaqişə ilə bağlı 20 may 2010-cu ildə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Avropa İttifaqının nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirdi. O, eyni zamanda EURONEST PA-nın da regionda olan münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacağına ümid etdiyini bildirdi.
Qeyd etdiyim kimi, EURONEST PA Avropa İttifaqı ilə şərq tərəfdaşı olan ölkələrin birgə assambleyası, yəni iki tərkib hissəsindən ibarət Parlament Assambleyası kimi formalaşır. Prosedur qaydalarına əsasən EURONEST PA Avropa Parlamentinin 60, hər tərəfdaş ölkənin parlamentlərinin 10 üzvündən ibarətdir. Qanunverici Aktda təsbit edilmiş üzvlük meyarlarına əməl edilmək şərtilə EURONEST Parlament Assambleyasında iştirak könüllüdür.
Parlament Assambleyası plenar tərkibdən başqa həm də Büro, daimi komitələr, işçi qrupları və katiblikdən ibarət təşkil edildi. Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsi, İqtisadi İnteqrasiya, Hüquqi Yanaşma və Aİ Siyasətinə Uyğunluq Komitəsi, Enerji Təhlükəsizliyi Komitəsi, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitə kimi 4 daimi komitə, Belarus üzrə və Qayda və Prosedurlar üzrə 2 işçi qrup yaradıldı. Belarus üzrə işçi qrup bu ölkənin gələcəkdə EURONEST PA-ya üzv olma perspektivlərini öyrənəcək. İşçi qrup 5 nəfərdən ibarət təşkil edildi və Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə həmin qrupa üzv seçildi. Qayda və Prosedurlar üzrə işçi qrupun tərkibinin isə növbəti iclasda formalaşdırılması qərara alındı.
Bundan əlavə, EURONEST PA-nın prezidenti, onun müavinləri, o cümlədən Büro və Komitə üzvləri seçildilər. Azərbaycan nümayəndə heyəti bu qurumun idarəçilik orqanlarının formalaşdırılması zamanı ciddi nailiyyətlər əldə etdi. Belə ki, bu seçkilər zamanı Fuad Muradov Enerji Təhlükəsizliyi Komitəsinin sədri, Azay Quliyev Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin, Asim Mollazadə isə Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin sədr müavinləri seçildilər. Mən isə EURONEST PA-nın vitse-prezidenti və Büro üzvü seçildim.
– EURONEST PA-nın əsas məqsədləri nələrdir?
– Ümumi formada desək, EURONEST PA-nın fəaliyyəti “Şərq tərəfdaşlığı” proqramı sahəsində siyasi dialoq, hüquqi və iqtisadi islahatlar, təhlükəsizlik, enerji təchizatı və s. kimi geniş sferaları əhatə edəcək. Məsələyə daha konkret yanaşsaq qeyd etməliyik ki, Parlament Assambleyasının məqsədləri prosedur qaydalarında təsbit edilib və aşağıdakı dörd tematik platformanı əhatə edir:
– Əsas dəyərlər, “dondurulmuş” münaqişələr, demokratiya, hüququn aliliyi, insan hüquqları və əsas azadlıqlara hörmət, eləcə də bazar iqtisadiyyatı, davamlı inkişaf və yaxşı idarəçilik məsələləri;
– Aİ ilə şərq tərəfdaşları olan ölkələr arasında sosial-iqtisadi islahatları, eləcə də ticarət və investisiya mühitinin liberallaşmasını dəstəkləyən, azad ticarət zonaları şəbəkəsi yaratmaq məqsədilə Aİ qanunları və standartları ilə oxşarlığa aparan sonrakı iqtisadi inteqrasiya;
– Qarşılıqlı enerji dəstəyi, təhlükəsizlik mexanizmləri və tərəfdaşların enerji siyasətləri və qanunvericiliyinin uzlaşdırılması;
– Müxtəlif ölkələrin əhalisi arasında əlaqələrin inkişaf etdirilməsi və Avropa İttifaqı və tərəfdaş ölkə vətəndaşları, xüsusilə gənclər arasında qarşılıqlı əlaqənin asanlaşdırılması; mədəni əməkdaşlıq və mədəniyyətlərarası dialoqun təkmilləşdirilməsi, eləcə də təhsil, tədqiqat, informasiya və media cəmiyyətinin inkişafının dəstəklənməsi.
– EURONEST PA-da iştirakın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi barədə fikirlərinizi bilmək istərdik.
– Azərbaycan-Avropa İttifaqı münasibətləri 1992-ci ildən başlayıb və sonradan dinamik olaraq inkişaf edib. Əgər əməkdaşlığın ilk illərində Azərbaycana müxtəlif yardımların göstərilməsi diqqət mərkəzində olmuşdusa, bu münasibətlər sonralar siyasi dialoq, iqtisadi inkişaf, nəqliyyat, regional təhlükəsizlik, enerji təminatı, ətraf mühit, təhsil, mədəniyyət və s. kimi müxtəlif sahələri əhatə edən çoxşaxəli strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycan Avropa İttifaqının Tərəfdaşıq və Əməkdaşlıq Sazişinin, Avropa Qonşuluq Siyasətinin iştirakçısı olub. Yuxarıda qeyd etdiyim kimi, bu münasibətlər hazırda yeni və daha mühüm proqram olan “Şərq tərəfdaşlığı” çərçivəsində davam etdirilir. İndi sadaladığım hər bir mərhələ Azərbaycanın Avropa İttifaqı məkanına inteqrasiyası üçün yeni imkanlar açıb. Odur ki, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində EURONEST PA-nın yaranması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bu Avropa təsisatı, sözsüz ki, Azərbaycanda baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün yeni bir tribuna olmaqla yanaşı, həm də ölkəmiz üçün maraq kəsb edən məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməsi üçün də imkanlar açır. EURONEST PA-nın sənədlərində göstərildiyi kimi, bu qurum tərəfdaş ölkələr ərazisində mövcud olan “dondurulmuş” münaqişələrlə bağlı müzakirələr keçirəcək, qərar və qətnamələr qəbul edəcək. Bu məsələ isə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycan nümayəndə heyəti EURONEST PA-da Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qərar və qətnamələrin qəbul edilməsinə nail olmağa çalışacaq.