Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən ötən dövrdə əmək və sosial müdafiə üzrə e-xidmətlərə 24 milyon 575 min dəfə müraciət edilib.
Cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 750 607 dəfə müraciət olunub. Ümumilikdə ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması aktual fəaliyyət sahələrini əhatə edən bu e-xidmətlərə cəmiyyətdə olan böyük sosial tələbi və ictimai marağı təsdiq edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və optimallığının artırılmasına səbəb olub. Bu sahələrdə avtomatlaşdırılmış sistemlər üzərində əhaliyə təqdim olunan 30-a yaxın elektron xidmət ölkədə “Elektron Hökumət”in əhatə dairəsinin və funksionallığının artırılması müqabilində dövlət xidmətlərinin müasir əsaslar və şəffaflıq prinsipləri üzərində qurulmasına şərait yaradıb. Geniş əhali kontingenti ilə sıx təmas şəraitinin mövcud olduğu xidmət sahələrinin tam elektronlaşdırılması həmin sahələrin məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi ilə şəffaflaşdırılmasına, əhalinin müvafiq dövlət xidmətlərindən “bir pəncərə” üzrə və müasir tərzdə, online rejimdə çevik istifadə imkanlarına yiyələnməsinə, nəticə etibarilə bu xidmətlərdən vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verib.
Təqdim olunan e-xidmətlərin böyük əksəriyyəti ən çox istifadə olunan e-xidmətlər sırasındadırlar. Onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə son bir ayda 254343 müraciət qeydə alınıb. Həmçinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə maraq getdikcə artmaqdadır. Fevral ayında həmin e-xidmətdən 59705 dəfə istifadə olunması da bunu təsdiq edir. Habelə ötən ay “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətinə 43978, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 35939, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə 31337, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinə 30629, “Pensiya kalkulyatoru” e-xidmətinə 25405 müraciət qeydə alınıb.
“Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətlərə müraciətlərin sayında da artım dinamikası davam edib.
Qeyd olunanlarla yanaşı, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətləri də geniş istifadəçi kontingenti ilə seçilirlər.