Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək

Sərginin təşkilatçıları «ITE Group» və «Iteca Caspian» şirkətlərindən verilən məlumata görə, fəaliyyət göstərdiyi illər ərzində «WorldFood Azerbaijan» sərgisi mövcud əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşların müəyyənləşdirilməsi və Azərbaycanın qida sektorunda ən yeni texnologiyaların tətbiq edilməsinə imkan yaradan effektiv platforma və işgüzar meydançaya çevrilib.

«ITE Group» şirkətinin tərəfdaşlar şəbəkəsi – EUF (Türkiyə), GIMA (Almaniya), «ITE Gulf» (BƏƏ), «ITE China» (Çin), «ITE Poland» kimi şirkətlərin səyləri nəticəsində sözügedən sərgi özünün çoxsaylı beynəlxalq iştirakçı və ziyarətçiləri ilə fərqlənir.

«WorldFood Azerbaijan» – bütün dünyada tanınmış «WorldFood» brendli sərgilərin bir hissəsidir və bu brend özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan və başqa ölkələrin qida sənayesinin ən böyük sərgilərini birləşdirir. Artıq 6 ildir ki, sərgi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən təqdir olunur. «UFI tərəfindən təsdiq olunub» nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olmasına dəlalət edir və tədbirin yüksək səviyyədə təşkil edilməsini göstərir.

Sərginin bu il ilk dəfə «Bakı Ekspo» sərgi mərkəzində keçirilməsi ekspozisiya sahəsini genişləndirməyə imkan verəcək və iştirakçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldəcək. Eyni meydançada «WorldFood», «WorldDrink», «FoodPack», «WorldFoodTech» və «AgriHort» kimi 5 tematik ekspozisiyanı birləşdirəcək sərgi qida sənayesinin praktiki olaraq bütün istiqamətlərini əhatə edəcək.

«WorldDrink» bölməsində içkilərin zəngin çeşidi təqdim ediləcək. Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən qablaşdırma avadanlıqları üzrə maraqlı həll variantları ilə «FoodPack» ekspozisiyasında tanış olmaq mümkün olacaq. «WorldFoodTech» qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdirəcək. «AgriHort» bölməsi isə öz növbəsində kənd təsərrüfatı avadanlıqları və texnikaları, həmçinin müxtəlif yemlər, əlavələr, gübrələr və baytarlıq preparatlarını təklif edəcək. Sərginin ənənəvi bölmələrində ət və quş əti məhsulları, süd məhsulları, dondurmalar, baqqaliyyə malları, konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz və meyvələr, uşaq və pəhriz qidaları və bir çox başqa məhsullar təqdim ediləcək.

«Iteca Caspian»dan verilən məlumata görə, keçirildiyi illər ərzində sərgi müqavilələrin imzalandığı əhəmiyyətli görüş yerinə çevrilib. Aparılmış auditin nəticələrinə görə, ziyarətçilərin 76%-ni qida sənayesinin peşəkarları təşkil edir. Bazarın tendensiyaları və ehtiyaclarını izləyərək, sərgi hər il aktual təkliflər ilə çıxan yeni şirkətləri dəvət edir. Belə ki, bu il sərginin 40%-ni debütantlar təşkil edəcək. Ölkədə qida məhsulları istehsalının artmasını nəzərə alaraq, bu il sərgi laboratoriya tədqiqatları üçün avadanlıqlar təklif edən şirkətləri təqdim edəcək. İlk dəfə sərgidə holoqramların istehsalını tətbiq edən yerli şirkət də iştirak edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO