İlham Əliyev: “Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb “

«Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. ATƏT-in Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərsə də indiyə qədər praktiki nəticələr yoxdur». Azərbaycan prezidenti İlham Əliyev Litva prezidenti Dalya Qribauskayte ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda bunları qeyd edib.

«Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək hesabat hazırlayıb. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları var. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar var. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən 7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaq. Bundan sonra bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır», deyə prezident Əliyev bəyan edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO