“20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda elmi sessiya keçirilib

Yanvarın 19-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr ounan “20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda elmi sessiya keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, akademik Teymur Kərimli 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən söz açıb. Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında silinməz izlər qoyub. Şəhidlərimiz qanları ilə Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazıblar. Onlar heç nədən qorxmayaraq, çəkinməyərək canlarını bizim bugünkü müstəqilliyimiz, azadlığımız yolunda qurban veriblər, ərazi bütövlüyümüzü hər şeydən üstün tutublar.

İnstitutda 20 Yanvarla bağlı silsilə tədbirlərin keçirildiyini deyən akademik T.Kərimli gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa səsləyib.

İnstitut direktorunun müavini, professor Aybəniz Əliyeva-Kəngərli 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu söyləyib,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın göstərdiyi yenilməzliyin, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Qeyd edilib ki, baş vermiş qanlı faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, faciəni törədənləri kəskin tənqid edərək öz etirazını bildirib.

Sonra institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Qanlı Yanvarın acı nəticələrindən söz açıb.O, 20 Yanvarın təkcə hüzn günü kimi deyil, şanlı tarix kimi yad edilməsinin, bu cinayətin düzgün tarixi faktlarla gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfov və digər çıxış edənlər faciənin törədilməsinin əsas məqsədinin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildiriblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO