Sorğu: Azərbaycanda aviabiletlərin bahalığı turizmin inkişafını ləngidir

Sorğu: Azərbaycanda aviabiletlərin bahalığı turizmin inkişafını ləngidir Bu barədə ölkədə turizmin inkişafı vəziyyəti ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) keçirilən toplantıda qeyd olunub.

ASK-nin turizm komissiyasının sədri, «Bakı Tur» şirkətinin rəhbəri Faiz Məmmədov bildirib ki, «Azal»ın təqdim etdiyi qiymətlər o qədər yüksəkdir ki, xarici turistlər üçün başqa ölkədə istirahət etmək daha sərfəli görünür. Belə ki, Türkiyədə 3-ulduzlu hoteldə 1 həftə qalmaq, gündə 2 dəfə yemək, aeroportda qarşılanıb, yola salınma, Moskva-Antaliya-Moskva təyyarə bileti də daxil olmaqla Rusiya turistinin xərclədiyi pula (500-600 dollar) yalnız Moskva-Bakı-Moskva reysinə bilet almaq olar: «Ona görə də yerli turizm şirkətləri bu qiymətlərlə Rusiya vətəndaşlarını Azərbaycana cəlb eləməkdə çətinlik çəkir».

Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov isə qonşu Gürcüstanda Tiflisdən İstanbula 79 avroya uçmağın mümkün olduğunu bildirir: «Belə çıxır ki, gələcəkdə azərbaycanlılar Bakıdan İstanbula birbaşa yox, əvvəlcə qatarla və ya avtobusla Tiflisə gedəcək və oradan İstanbula uçacaqlar».

Azərbaycanda təyyarə biletlərinin qiymətinin yüksək olduğunu digər mütəxəssis – Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadır Bilalov da təsdiqləyib. Onun sözlərinə görə, Bakının hava limanında təkcə aeroport rüsumları (36 manat) ABŞ aeroportlarından da (12-15 dollar) yüksəkdir: «Ümumiyyətlə, Bakıdakı aeroport rüsumunun məbləği ilə İspaniyadan Mərakeşə uçmaq olar» (biletin qiyməti 26 avrodur).

Yeri gəlmişkən, Faiz Məmmədovun sözlərinə görə, ərəb ölkələrində baş verən hadisələr və bura gedən turistlərin azalması nəticəsində regionda digər turizm obyektlərinə tələbat artıb. Bu, xüsusilə Rusiya turistlərində hiss olunur. F.Məmmədovun sözlərinə görə, belə vəziyyətdə Azərbaycan tərəfi düzgün siyasət yürütməklə Rusiya turistlərinin təxminən 10-15%-ni ölkəyə cəlb edə bilər: «Bu bir neçə yüz min turist deməkdir. Amma qiymətlərin yüksək olması, buna imkan vermir».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO