Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək istəyən 34 minə yaxın şəxs qeydiyyatdan keçib.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. M.Pənahov bildirib ki, oktyabrın 3-ə olan məlumata görə, ölkədə seçkiləri izləyəcək 884 beynəlxalq müşahidəçi qeydiyyata alınıb: “Seçki günü müşahidəçilik fəaliyyəti ilə məşğul olacaq 31386 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Mindən çox şəxsə isə MSK tərəfindən müşahidəçilik hüququ verilib”.
Oktyabrın 5-də müşahidəçilərin qeydə alınması prosesinin yekunlaşacağını deyən MSK sədri KİV nümayəndələrinin seçkini izləmək missiyasına da toxunub: “Yerli KİV nümayəndələri seçki prosesini müşahidə etməkdə sərbəstdir, bunun üçün qeydiyyat tələb olunmur. Beynəlxalq KİV nümayəndələrinin qeydiyyatdan keçməsi isə məcburidir”.