Azərbaycanın Ombudsman Aparatı prezident seçkisi kampaniyası, səsverməninin gedişi və nəticələri ilə bağlı hesabat hazırlayacaq.
«Seçki prosesini Ombudsman Aparatının ən azı 25 nəfər əməkdaşı müşahidə edəcək. Aparatın dörd regional mərkəzdə işləyən 12 nəfər də seçki prosesini izləyəcək. Bütün müşahidələrimizi ümumiləşdirib, yekun hesabat hazırlayacağıq», – şəndə günü Trend News-a Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib.
Trend News-un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Süleymanova qeyd edib ki, Ombudsman Aparatının əməkdaşları seçki günü bütün bölgələrdə seçki prosesinin gedişini izləyəcəklər. Onlar Mərkəzi Seçki Komissiyası tərəfindən treninq keçiblər.
«Oktyabrın 8-də MSK tərəfindən Ombudsman Apartının bölgələrdə işləyən əməkdaşları da daxil olmaqla bütün müşahidəçilərimizə növbəti treninq keçiriləcək», – ombudsman əlavə edib.
Onun sözlərinə görə, nümayəndələr hərbi hissələrdə, həbsxanalarda da seçkinin gedişini izləyəcəklər.
«Bütün bu yerlərdə seçkinin gedişinə nəzarət edəcəyik. Mən özüm də Seçkilər İnformasiya Mərkəzində olacam, məntəqələri gəzəcəm. Hər hansı Dairə və Məntəqə Seçki Komissiyasında kiçik bir qanunsuzluq baş verərsə, onu dərhal bütün orqanlara çatdıracaq və aradan qaldıracağıq», – ombudsman bildirib.
Süleymanova Azərbaycanda seçki öncəsi vəziyyəti normal qiymətləndirir.