Azərbaycanla Türkiyə arasında müzakirələr olunub

Aprelin 18-də Azərbaycana rəsmi səfərə gələn Türkiyənin Quru Qoşunları komandanı, ordu generalı Erdal Ceylanoğlunun müdafiə, naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın MN-də təntənəli qarşılanma mərasimi keçirilib.

Geniş tərkibli görüşdə S. Əbiyev E. Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini və bu qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib. Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.

Hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri görüş zamanı aparılan müzakirələrin əsas mahiyyətini təşkil edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıç və Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Özhan Ayaş da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO