Bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının saytına “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. “Həmsədrlərin cəbhə bölgəsində erməni hərbçilər tərəfindən qətlə yetirilmiş azyaşlı uşağın ailəsinə baş çəkməsi müsbət addımdır. Amma həmsədrlər bununla kifayətlənməməli, Ermənistan tərəfinin bu vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıdırlar”, – o əlavə edib.
Səfərov hesab edir ki, əgər işğalçı Ermənistana qarşı beynəlxalq qaydalar çərçivəsində təsirli tədbirlər görülməsə, bu cür hallar davam edə bilər.
Ona görə də Minsk qrupunun həmsədrləri hadisə ilə bağlı hazırlayacaqları məruzədə reallıqları əks etdirməlidirlər. Erməni hərbçilərin azyaşlı uşağı snayperlə öldürməsi beynəlxalq qaydalara, humanizm prinsiplərinə, bəşəri dəyərlərə ziddir. Bu hərəkətə heç cür haqq qazandırmaq mümkün deyil və həmsədrlər də uşaq qatillərini dünya ictimaiyyətinə tanıtmalıdırlar”, – Səfərov vurğulayıb.
Ermənistan Silahlı Qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.