Ötən il Cənubi Qafqaz ölkələrindən Ermənistan büdcədə müdafiə xərclərini artırsa da, Azərbaycan və Gürcüstan azaldıb.
Stokholm Sülh Problemləri İnstitutuna (SİPRİ) istinadən verdiyi məlumata görə, 2010-cu ildə bölgə ölkələrindən Azərbaycan müdafiə xərcləri üçün büdcədən 1 milyard 421 milyon ABŞ dolları, Ermənistan 404 milyon dollar, Gürcüstan isə 452 milyon dollar vəsait ayırıb.
Ermənistan müdafiə xərclərini 2009-cu ilin rəqəmlərinə nisbətən 45 milyon dollar artırıb, Azərbaycan 52, Gürcüstan isə 152 milyon dollar azaldıb.
SİPRİ-nin hesablamalarına görə, 2000-2010-cu illər ərzində Azərbaycan müdafiə sahəsinə 9 milyard 215 milyon dollar, Gürcüstan 4 milyard 317,6 milyon dollar, Ermənistan isə 2 milyard 630 milyon dollar vəsait xərcləyib.
Qeyd edək ki, hesablamalarda dövlət büdcəsinin müdafiə xərcləri sektoru üzrə ayrılan vəsaitləri nəzərə alınıb.