Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Qanuna zidd hərəkətlərin qarşısı bundan sonra da alınacaq”

– Müxalifət son ay ərzində razılaşdırılmamış aksiyalar keçirməyə cəhd edib. Buna münasibətiniz necədir?

– Son bir neçə həftə ərzində bəzi radikal müxalifət qüvvələri Bakıda təhqiredici çağırışlarla, zorakılıqla müşayiət olunan aksiyaları keçirməyə cəhd edib, aprelin 2-də isə Fəvvarələr meydanında ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin kobud surətdə pozulmasına səbəb olan hərəkətlər törədib. Aksiyalarda istifadə olunan şüarlardan biri korrupsiyaya qarşı mübarizənin aparılmaması ilə bağlı hökumətə qarşı ittihamın irəli sürülməsi olub. Bununla əlaqədar bildirmək istərdim ki, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir, bu sahədə artıq bir neçə mühüm nəticələr əldə edilib. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkəmizin müxtəlif bölgələrində əhali ilə görüşlərində qeyd etdiyi kimi, bu gün qarşımızda Azərbaycanın sözün əsl mənasında müasir, inkişaf etmiş dövlətə çevirmək kimi vəzifə durur. Yüksək iqtisadi inkişafı və sosial rifahı təmin etmək üçün isə Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 12 aprel tarixli iclasında cənab prezident vurğulayıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələr verir. Bu siyasət davam etdiriləcək. Bu bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, qeyd etdiyim tərzdə və şüarlar altında toplaşmağa cəhd edən, ictimai asayişi pozmaqla, şüarlar səsləndirməklə məşğul olan insanların məqsədi Azərbaycanın inkişafına mane olmaq, dövlətin apardığı quruculuq siyasətinə və islahatlara kölgə salmaq, dövlət orqanlarını və şəhər sakinlərini gündəlik fəaliyyətdən yayındırmaq, ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir. Eyni zamanda, bu insanların “aksiya keçirmək strategiya”larına nəzərə yetirsək, həmin məqsədlər daha aydın surətdə özünü büruzə verir. Bakının icra hakimiyyəti ilə toplantının yerini və vaxtını razılaşdırmaq əvəzinə, onlar toplantı üçün müraciətdə ümumiyyətlə göstərilməyən yerdə, hətta eyni vaxtda bir neçə yerdə kiçik qruplar şəklində ictimai asayişi pozmağa çalışıblar. Qanunsuz, zorakı hərəkətlərə görə bir qrup şəxsin tutulmasından sonra belə onlar aksiyanı “baş tutmuş” hesab edirlər. Burada söhbət sərbəst toplaşmaq azadlığından gedə bilməz. Bu hüquq təsbit edilən beynəlxalq müqavilələrə əsasən, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün onun ilk şərti toplantının dinc olmasıdır. Əgər toplantı açıq-aşkar zorakılıqla müşayiət olunursa, yaxud kütləvi informasiya vasitələrində və internet şəbəkəsində toplantı ərəfəsində keçiriləcək aksiya zamanı dövlət orqanlarına qarşı qanunsuz əməllərin törədilməsinə çağırışlar səslənirsə, hətta ictimai asayişin qorunması vəzifələrini yerinə yetirən dövlət orqanlarına müqavimət göstərilməsi yolları barədə təlimatlar verilirsə, bu toplantı necə dinc adlandırıla bilər? Bundan əlavə, həmin aksiyaları keçirən qüvvələrin əvvəlki dırnaqarası parlaq təcrübəsi də nəzərə alınmalıdır. 2003-cü ilin oktyabrında insanlara ağır xəsarətlərin, əmlaka böyük miqdarda ziyanın yetirilməsi, ictimai qaydanın pozulması ilə müşayiət olmuş hadisələr hamımızın yadındadır. Hal-hazırda yeni aksiya keçirmək istəyənlər həmin o hadisələrin təşkil edilməsinə görə vaxtilə məsuliyyətə cəlb ediliblər. Görünür, onlar özlərinin köhnə vərdişlərindən əl çəkmək istəmirlər.

– Bəs qanunvericilikdə toplaşmaq azadlığının həyata keçirilməsi necə tənzim edilir?

– Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər düzəltmək hüququ təsbit edilib. Bu hüququn həyata keçirilməsini tənzimləmək məqsədilə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun qəbul olunub. Eyni zamanda, ölkəmizdə iqtisadi inkişaf nəticəsində ictimai-siyasi münasibətlərin yeni inkişaf mərhələsinə çıxması ilə əlaqədar həmin qanunun müddəaları təkmilləşdirilib, qanunla bağlı Venesiya Komissiyasının qəbul etdiyi yekun rəydə onun Avropa standartlarına uyğun olması qeyd edilib. Vurğulamaq istərdim ki, toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq, bu hüquq müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Qanunda toplantıların keçirilməsi məhdudlaşdırılan yerlər göstərilərək qeyd olunur ki, yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Bakı şəhərində toplantıların keçirilməsi üçün ayrılmış yerlərin siyahısı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilib və mətbuatda dərc olunub. Eyni zamanda, ölkəmizdə qanunvericilik aktları ictimai-siyasi münasibətlərin inkişafına uyğun təkmilləşdirildiyi kimi, digər aktlar da dinamik xarakter daşımalıdır. Belə ki, məsələn, Bakı şəhərində toplantıların keçirilməsi üçün ayrılmış yerlərdən biri kimi, “Təbriz” kinoteatrın qarşısındakı “meydan” göstərilir. Lakin siyahı müəyyən edildiyi vaxtdan sonra həmin ərazidə dəyişikliklər baş verib. Ölkəmizdə, o cümlədən paytaxtımızda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəticəsində bir çox ərazilərdə yeni yol qovşaqları qurulub. “Təbriz” kinoteatrı qarşısında olan ərazidən də hal-hazırda böyük həcmdə nəqliyyatın istifadə etdiyi müasir, geniş yol keçir və ona görə, həmin yerdə hər hansı toplantının keçirilməsi mümkün deyil. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, insanların toplaşmaq azadlığına müdaxilə nəzərdən keçirilərkən mümkün məhdudiyyətlərin mütənasibliyi vacib məsələlərdən biridir. Avropa İttifaqının Ədalət Məhkəməsinin Avstriyaya qarşı bir iş üzrə qərarında bildirilib ki, nəqliyyatın yüksək dərəcədə istifadə edildiyi yolda toplantının qadağan edilməsi əsaslı sayıla bilər. Ona görə də, hər hansı hüququn məhdudlaşdırılması zamanı toqquşan maraqlar arasında tarazlıq əldə edilməlidir. 200-300 nəfərin toplaşmaq azadlığının təmin edilməsi üçün Bakının böyük bir hissəsini nəqliyyatsız qoymaq, bununla minlərlə insanların normal həyat tərzini, fəaliyyətini, bir çox hüquqlarını pozmaq olmaz.

– Bununla bağlı Avropa İttifaqının bəyanatını necə qiymətləndirirsiniz?

– ATƏT-in Daimi Şurasında Avropa İttifaqının adından verilən bəyanatla bağlı qeyd etmək istərdim ki, bu qurum ölkəmizdə gedən proseslər barədə məlumatı yalnız müxalifət mənbələrindən aldığından bəyanat qeyri-obyektiv və birtərəfli xarakter daşıyır. Bəyanatda Bakıda ictimai asayişin pozulmasına görə tutulmuş şəxslərin guya dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunmaları bildirilir. Lakin yenə də təkrarlamaq istəyirəm ki, qeyd olunan aksiyalar heç də dinc xarakter daşımayıb. Biz Avropa İttifaqından gözləyirik ki, hər hansı bəyanat verildikdə, obyektivlik, tarazlıq prinsipləri rəhbər tutulsun. Bununla bağlı, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini xüsusilə diqqətə çatdırmaq istərdim. Belə ki, Böyük Britaniyaya qarşı bir iş üzrə qərarda ifadə edilmiş Avropa Məhkəməsinin fikrinə görə, müəyyən ərazidə hər hansı təşkilat tərəfindən təşkil olunmuş əvvəlki toplantıların dinc olmaması və ictimai asayişin pozulmasına gətirib çıxarması bu ərazidə ümumiyyətlə toplantıların müəyyən müddətə qadağan edilməsi üçün əsas ola bilər. Digər bir işdə – İsveçrəyə qarşı bir iş üzrə qərarda Strasburq orqanları bildirib ki, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı razılaşdırma prosedurunun tətbiq edilməsinin özü heç də bu hüququn pozulması demək deyil. Bu prosedur dövlət orqanları tərəfindən toplantının dinc xarakterinin təmin edilməsi üçün yerinə yetirilməlidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq, toplantını təşkil edən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədilə onun yeri və vaxtının razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı şəkildə xəbərdar etməlidirlər. Yəni, qanunun bu norması həm beynəlxalq müqavilələrin müddəalarına, həm də bir çox ölkələrin təcrübəsinə uyğundur. Belə olan halda, qanunun aliliyi prinsipini rəhbər tutan dövlətdə fəaliyyət göstərən müxalifət partiyaları tərəfindən “icazəli mitinq” anlayışından istifadə edərək “Avropada “icazəli” mitinq anlayışı yoxdur” deməsi ən azı təəccüb doğurur.

– Aksiya iştirakçılarının guya işgəncələrə məruz qalmaları barədə irəli sürülən iddialarla bağlı nə deyə bilərsiniz?

– Ümumiyyətlə, müxalifət tərəfindən işgəncə anlayışı təhrif olunur. İctimai asayişin qorunması vəzifələrini daşıyan polis tərəfindən gücün tətbiq edilməsi heç zaman işgəncə adlandırıla bilməz. Qanunvericiliyə əsasən, polis orqanları razılaşdırılmamış toplantının dağıdılması üçün gücdən, hətta xüsusi vasitələrdən istifadə etmək hüququna malikdir. Əgər qanunsuz toplantının iştirakçısı dağılmaq barədə polisin qanuni əmrinə tabe olmursa və müqavimət göstərirsə, hətta polisə hücum edirsə, bu zaman polis əlbəttə ki, qanuni gücə əl atmalıdır. Belə hallarda, insanlara bədən xəsarəti yetirilə də bilər. Lakin, bu, heç vaxt nə işgəncə, nə də döyülmə adlandırıla bilməz. Bu cür hallarla bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan süni ajiotajın, yalan məlumatların heç bir əsası yoxdur. İctimai-siyasi sabitliyi pozmağa cəhd edən şəxslər bilməlidirlər ki, qanuna zidd hərəkətlərin qarşısının alınması, qanunun aliliyinin qorunması və cəmiyyətin normal həyatının təmin edilməsi üçün dövlət orqanları tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO