Respublikamızda keçiriləcək prezident seçkilərində təxminən 500 məntəqədə «Exit-poll» və «Quick-count» tədqiqatlarının keçirilməsi nəzərdə tutulub. Tədqiqatları «ELS» Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birlikdə həyata keçirəcək.
«ELS» Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubovanın sözlərinə görə, bu tədqiqatların keçirələcəyi məntəqələr xüsusi riyazi proqrama əsasən seçilib: «Tədqiqatlar 125 seçki dairələsini əhatə edəcək. Tədqiqatlara 1000 nəfərdən artıq şəxs intervüer cəlb edilib. Həmçinin, sorğunun gedişinə nəzarət edəcək 200 şəxs – supervayzer seçilib. Seçimə düşən «exit-poll» məntəqələrində eyni zamanda «quick-count» tədqiqatının da keçirilməsi nəzərdə tutulub. Bu tədqiqatı keçirmək üçün 500 müşahidəçi hazırlanır. Göründüyü kimi, tədqiqat zamanı 2000-ə yaxın insanla işləyəcəyik. Bunları hazırlamaq özü böyük bir zəhmət tələb edir. İlk mərhələdə AVCİYA-nın mövcud şəbəkəsindən istifadə etməklə intervüer, müşahidəçi və supervayzerlər seçilir. Onu da qeyd edim ki, AVCİYA bütün seçki məntəqələrində seçki prosesini müşahidə etməyi planlaşdırır».
İ.Yaqubova sentyabrın 25-dək namizədlərin dəqiq siyahısı təsdiqlənəcəyini bildirdi: «İkinci hazırlıq mərhləsinə sentyabrın 27-dən start veriləcək və oktyabrın 5-də başa çatdırılacaq. Eyni zamanda hazırlıq mərhələsinə səsvermə günü ötürülən məlumatı qəbul edən telefonçular və bu məlumatları kompüterə daxil edən operatorların hazırlanması da daxildir. Belə ki, paralel olaraq 100-ə yaxın telefonçu və operatorları oktyabrın əvvələrində treninqə cəlb edəcəyik».
İ.Yaqubovanın sözlərinə görə, seçki məntəqələrinin çıxışında dayanan şəxslər seçicilərə «exit-poll» suallarını cavablandırmağı təklif edəcəklər: «Bundan başqa anketin doldurulması, onların anonimliyinin qorunması kimi məsələlər seçiciyə izah olunacaq. Seçicilər isə anketi doldurub, şəffaf qutulara atacaqlar. Seçki günü gündüz saatlarında 11.00, 13.00, 15.00, 17.00 və 19.00 radələrində həmin qutular açılacaq, anketlərdə olan məlumatlar dərhal mərkəzə ötürüləcək. Məlumatların ötürülməsi zamanı sorğu dayandırlmayacaq və intervüerin biri anketlər barədə mərkəzə məlumat verərkən, digəri tədqiqatı davam etdirəcək. Seçki bitəndən sonra alınan məlumatlar hesablanacaq və ictimaiyyətə açıqlanacaq. Təşkilatımız «quick-count» tədqiqatı da aparacaq. «quick-count» tərcümədə «tez hesablanma» deməkdir və «exit-poll» aparılan məntəqələrdə müşahidə aparan müşahidəçilər seçkinin bitməsilə bülletenlər hesablandıqdan sonra protokolun bəndlərinə uyğun məlumatları bizə çatdıracaq. Yəni, protokolda qeyd olunan məntəqədəki seçicilərin sayı, ümumi və etibarlı, etibarsız bülletenlərin sayı və hər bir namizəd üçün toplanmış səslərin sayı dərhal mərkəzə çatdırılır. Bütün məntəqələrdən gələn məlumatlar kompüterdə topladıqdan sonra hesablanıb qısa müddətdə ictimaiyyətə açıqlanacaq».
İ.Yaqubova «exit-poll» və «quick-count» tədqiqatlarının aparması üçün MSK-ya məktubla müraciət etdiklərini bildirdi.